“Bu həftə bizi çətin oyun gözləyirdi. Fasilədən sonra çox formda olan rəqibə qarşı oynayırdıq. Rəqibi və həmkarım Aftandil Hacıyevi təbrik edirəm. İlk ilində belə mübarziə aparır".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə “Səbail”lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis bildirib ki, ardıcıl 4 məğlubiyyətlə bitən matçlardan sonra oynamaq çox çətindir: "Futbolçuları hazırlamaq asan olmur. Bu gün onlar xarakter göstərdilər. Biizm üçün qələbə daha yaxşı olardı. Ancaq yenə də məğlub olmadıq. Bu durumdan çıxmalıyıq. Təbii ki, qələbə qazansaydıq, daha yaxşı olardı. Ancaq oyun baxımından məğlub olduğumuz matçlarda belə geridə qalmırıq. Yaralı yerimiz imkanlardan istifadə edə bilməməyimizdir. Epizodlar olur, ancaq istifadə edə bilmirik. Bir xal da pis deyil. Uda bilmirsənsə, uduzma. Bəlkə oyunçularin özlərini gəlməsi üşün bu xal bəs edəcək".
Gənc mütəxəssis yeni transfer Peyman Babayinin də performansını dəyərləndirib: "O, pis oynamadı. Qol vura bilməsə də, yaxşı mübarizə apardı. Atilla Yıldırım da bu komandanın oyunçusudur. Bir komandada 21-22 oyunçu olur. Kimsə oynamırsa, o, zəifdir mənasına gəlmir. Son məşqlərə baxıb qərar veririk. Bütün oyunçular bizim üçün dəyərlidir”.