"Maraqlı oyun alındı. Bu cür oyunlar çempionatımızın səvityyəsinin artmasına xidmət edir. Belə mübarizələr hər turda olsa, komandaların səviyyəsi yüksələr".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra oyunu dəyərləndirib...
- İlık hissədə yaxşı epizodlarımız oldu. Rəqibi azlıqda tuta bilərdik. Təəssüf ki, sonluq çatışmırdı. Bilirdik ki, rəqib fərdi ustalığı yüksək olan futbolçulara malikdir. İkinci hissə istədiyimiz kimi başlamadı. Gözləmədiyimiz halda hesabda 0:2 geriyə düşdük. Rəqib azlıqda qaldıqdan sonra ehtiyat oyunçular skamyasında olan hücumçuları döyüşə atdıq. İstədiyimiz nəticəni ala bilməsək də, yaxşı hücumlar qurduq. Ümumilikdə yaxşı oynadıq, amma nəticədə istədiyimizi ala bilmədik. Bu tur göstərir ki, çempionatın qalan hissəsi gərgin keçəcək.
- Ruslan Qurbanovun ilk dəqiqələrdən meydanda olması nə dərəcədə düzgün qərar idi?
- Bəli, o, zədədən yeni qayıdıb. Bundan sonra da Ruslanı start heyətində görsəniz, təəccüblənməyin. Məşqlərdə aktiv idi.
- Fasilədən sonra nə baş verdi?
- Dəqiq deyə bilmərəm ki, arxayınlıq var idi, yoxsa yox. Buranın meydanında bir qədər ağırlıq var. Üstəlik, müəyyən hava çatışmazlığı, boğulma olur. Həm də ustalıq səviyyəsinə görə, rəqib bizdən fərdi qaydada üstün idi. Daha çox çalışmalıyıq.
- Turnir cədvəlindəki ən yaxın izləyicinizə məğlub oldunuz və xal fərqi azaldı. Doğrudur, tez-tez 3-cü pilləni tutmaq kimi hədəfinizin olmadığını bildirirsiniz. Hər halda, maraqlıdır, çempionatın sonunadək 3-cü pilləni mühafizə etnək üçün komandanızın potensialı yetərlidirmi?
- Fikrim bir qədər düzgün anlaşılmayıb. Bəli, çempionatın startında elə bir hədəf yox idi. Lakin turlar ötdükcə, belə bir hədəf yaranmağa başladı. Bu tur bütün rəqiblərimiz xal qazandığı halda, biz bunu bacarmadıq. Ancaq turlar da olub ki, bunu yalnız biz bacarmışıq. ”Qəbələ” ən yaxın izləyicimizdir və sonadək 3-cü pillə uğrunda onlarla vuruşacağıq (sport24.az).