AFFA-nın FIFA referisi Əliyar Ağayevlə bağlı mövqeyi mövsümün sonuna yaxın da dəyişmədi. Azərbaycan Premyer Liqasının artıq ciddi turnir əhəmiyyəti daşımayan son tur matçlarında belə ölkənin ən təcrübəli və tanınmış hakimlərindən birinə baş hakim kimi etimad göstərilmədi.
Bu, artıq təsadüfi seçim yox, prinsipial münasibət təsiri bağışlayır. Necə ki, “Qarabağ” intizam səbəbindən Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərmişdi, AFFA Hakimlər Komitəsi də Əliyar Ağayevi faktiki olaraq aşağı liqa səviyyəsinə endirmiş kimi görünür.
Xatırladaq ki, Ağayev aprelin 3-də Azərbaycan Kubokunun yarımfinalındakı qalmaqallı “Turan Tovuz” – “Zirə” oyunundan sonra Premyer Liqanın baş hakim təyinatlarından uzaqlaşdırılıb. Həmin görüşdə qonaqların qapısına verilməyən penaltilər uzun müddət müzakirə olunmuş, xüsusilə meydan sahiblərinin narazılığı gündəm yaratmışdı. Referi sonuncu dəfə Premyer Liqada ötən tur keçirilən “Qarabağ” – “İmişli” qarşılaşmasına VAR hakimi kimi təyinat alıb. Bu isə onun hələlik əsas meydanlardan kənarda saxlanıldığını göstərir.
Bəlkə AFFA da Ağayevi “transferə çıxarmaq”, tamamilə xarici arenaya yönləndirmək istəyir? Əlbəttə, futbolçulardan fərqli olaraq hakimlikdə klassik legioner həyatı anlayışı yoxdur. Amma Ağayev artıq çoxdan sərhədləri aşan referilər kateqoriyasındadır. Azərbaycanın ən məşhur hakimi illərdir FIFA və UEFA bayrağı altında keçirilən beynəlxalq oyunlarda etimad qazanır, Avropanın müxtəlif turnirlərində çalışır.
Üstəlik, o, yalnız beynəlxalq turnirlərdə deyil, müxtəlif ölkələrin çempionatlarında da dəvətlə oyun idarə edib. Son nümunə Küveyt çempionatı idi. Ağayev həmin vaxt FIFA referisi Nicat İsmayıllı ilə birlikdə Yaxın Şərqdə çalışırdı. Lakin bölgədə müharibənin başlaması onların geri dönüşünü çətinləşdirdi. Azərbaycanlı hakimlər günlərlə Küveytdə qalmalı oldu, ölkəyə dönüş sonradan mümkün oldu.
Belə təcrübəyə və beynəlxalq nüfuza sahib referinin ölkə daxilində faktiki kölgədə saxlanılması isə istər-istəməz suallar yaradır. AFFA onu cəzalandırır, yoxsa artıq əsas prioritetin beynəlxalq təyinatlar olmasına şərait yaradır — bunu zaman göstərəcək.
Amma bir məqam da var: bunlardan hər şey çıxar. Noyabr-dekabr aylarında açıqlanan siyahıda Əliyar Ağayevin adının FIFA hakimləri sırasında olmadığını görsəniz, təəccüblənməyin. Çünki son aylarda baş verənlər adi rotasiya və ya texniki qərar təsiri bağışlamır. Azərbaycanın illərdir beynəlxalq arenadakı əsas hakim siması ölkə daxilində tədricən ikinci plana keçirilir.
Halbuki söhbət sıradan referidən getmir. UEFA və FIFA-nın ən məsuliyyətli oyunlarında işləmiş, Avropanın aparıcı turnirlərində təcrübə toplamış bir hakimdən danışırıq. Belə bir fiqurun birdən-birə kölgəyə çəkilməsi Azərbaycan hakimliyi üçün də ciddi siqnal sayıla bilər.
SEYMUR







































































