"Neftçi"nin yeni transgeri Mamadu Mboc yenə komandasının xilaskarı olub.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi bu dəfə "Kapital Bank Arena"da "Sumqayıt"la qarşılaşmada flaqmanın bərabərlik qolunu vurub. Seneqallı oyunçu daha əvvəl XV turda "Qarabağ"la səfər qarşılaşmasında 0:1 hesabı ilə geri düşən "Neftçi"nin məğlubiyyətdən qurtulmasında böyük pay sahibi olmuşdu. Həmin vaxt da o, dəqiq baş zərbəsi ilə fərqlənmişdi.
Həmin matçdan fərqli olaraq, bu dəfə "Neftçi" heç-heçə yox, qələbəyə nail olub. Qələbə topunu 87-ci dəqiqədə Ömər Buludov vurub. Bununla da "ağ-qaralar" mövsümdə ilk dəfə hesabda geri düşdükləri oyunda geridönüş etməyi bacarıb.
Qeyd edək ki, bugünkü matçda "Sumqayıt"ın heyətində hesabı 26-cı dəqiqədə Peyman Babayi açıb. Heyətə qış fasiləsində cəlb olunmuş cənubi azərbaycanlı hücumçu yeni komandasında ilk qolunu vurub. O, məhz Mbocun qapıçı Səlahət Ağayevə qeyri-dəqiq ötürməsindən sonra topu ələ keçirərək fərqlənib.