Azərbaycan Premyer Liqasında XX turun “Qarabağ”la səfər oyunu “Zirə”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qapıçı Kamal Bayramov və yarımmüdafiəçi İlkin Muradov 40-cı dəfə “qartallar”ın heyətində meydana çıxıb. Bu göstəricidə Riçard Qadzeyə çatan cütlük klub tarixində ən çox oyun keçirən futbolçular siyahısında 14 - 16-cı yerlərdə qərarlaşıb. Muradov bu görüşlərdə 1 qol vurub, Bayramov isə 36 top buraxıb.
Hər iki oyunçu üçün Premyer Liqada da əlamətdar görüş olub. 10 kubok matçında da iştirak edən 34 yaşlı qolkiper çempionatda 30-cu dəfə “Zirə”nin formasını geyinib. 23 yaşlı yarımmüdafiəçi isə Premyer Liqada 35-ci oyununa çıxıb. O, 5 kubok matçında da şans qazanıb.
Qeyd edək ki, Kamal 2015/16, İlkin 2016/17 mövsümündə “Zirə”də debüt matçına çıxıb.