İspaniya "Real Madrid"inin yeni baş məşqçisi Zinəddin Zidan hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunun mümkün qayıdışına münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, fransalı mütəxəssis hazırda bu barədə danışmaq zamanı olmadığını bildirib. "Ronaldu "Real Madrid"in tarixidir və bunu dəyişmək olmaz. Hələlik onu kimin əvəzləyə biləcəyini düşünməmişəm. İndi sadəcə qayıdışıma şadam. Qarşıda 11 oyunumuz var. Sonra isə növbəti mövsümə hazırlaşacağıq".
Zidan "Real Madrid"ə dönüşünü evinə qayıdış kimi dəyərləndirib: "Bu, mənim üçün xüsusi gündür. Evimə qayıtdığım üçün çox xoşbəxtəm. İndi bundan artıq bir söz deyə bilmərəm. Yenidən çalışmaq və klubu qanuni yerinə qaytarmaq istəyirəm. Yeganə istəyim günü sabahdan işə başlamaqdır. Uzağa getməli olmadım, çünki elə burada yaşayıram. Yenidən "Real Madrid"də çalışmağıma şadam".
46 yaşlı mütəxəssis 9 ay əvvəl komandadan gedişini belə izah edib: "Hər şeyi qazandıqdan sonra komandada dəyişikliyə ehtiyac var idi və mən getdim. İndi qayıdıram, çünki klub prezidenti Florentino Peres çağırıb. Ən əsası, 9 aydan sonra bura dönmək istəyirəm. Sona 11 matçımız qalıb və biz mövsümü yaxşı başa vurmaq istəyirik. 9 ay ərzində heç bir müsahibə vermədim. Amma indi deyə bilərəm ki, Peresin zənginə yox cavabı verə bilməzdim. 9 ay ərzində enerji yığdım, öz işlərimlə məşğul oldum və indi çalışmağa hazıram".
Öz növbəsində Peres dünyanın ən yaxşı baş məşqçisinin "Real Madrid"ə qayıtdığını bildirib. O, Zidanın çox çətin dövrdə məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayıb.
Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"lə 2020-ci ilin yayınadək müqavilə bağlayıb.