"Komandamın mübarizəsindən razı qaldım. Düzdür, səhvlər var. Amma məhz bu səhvlərin qurbanına çevrildik. Mübarizə, istək var idi. Bura 3 xal üçün gəlmişdik. İtkilərimiz var idi. David Kərimidən razı qaldım. Sərtan da zədəlidi. Ümumilikdə əvvəlki oyunlarla müqayisədə irəliləyiş var".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Penaltini qaytardıqdan sonra oyununuzda canlanma hiss olundu. Amma tempi davam etdirə bilmədiniz.
- Komanda 90 dəqiqə mübarizə aparırsa, dayanmırsa, deməli, gücsüzlükdən söhbət gedə bilməz. Buraxılan iki qol həlledici oldu. Bilirdik ki, rəqib əks-hücuma yaxşı çıxır. İrəlidə 5 əcnəbi oyunçuları var. Onların qarşısı alınmalı idi. Amma sönük oyun göstərmədik. Baxımlı oyun var idi. Biz də qalib gələ bilərdik, qol epizodlarımız oldu. Qarşıya ümidlə baxırıq.
- Turnir cədvəlində komandalar bir-birinə yaxındır. Bu amil təzyiq yaradır?
- Sonuncu yerlərdə olan komandalarda təzyiq həmişə çox olur. Eyni zamanda çempionluğa oynayan klubda. Bu da təbii haldır. Nə qədər təzyiq çox olsa, daha möhkəm olmalıyıq. Bu, bizə əlavə stimul olmalıdır. Səhvlərimizin üzərində çalışıb, daha yaxşı nəticələr göstərməyə çalışacağıq.
- AFFA-dan bildirdilər ki, Kamran Ağayevin yığmaya çağırılmaması zədə ilə bağlı deyil. Necə düşünürsüz, Kamran yığmaya layiq deyil?
- Bu sualın mənə aidiyyəti yoxdu. Yeni baş məşqçi var və onun öz baxış tərzi mövcuddur. Seçim onundur. Biz də hörmətlə yanaşmalıyıq.