
"Maraqlı və gözəl oyun oldu. Hərçənd matçın gedişatı elə də asan deyildi. Qalib gəlmək üçün hər şey etdik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi ilk hissədə daha yaxşı təsir bağışlayıb: "Fasilədən sonra çox sayda əvəzetmələr reallaşdırdıq və bu, oyunumuza təsir etdi. Rəqibə baxanda, daha yaxşı komanda idik. Sadəcə, qolu vura bilmədik. Xorvatiya ilə görüşü də nəzərə alsaq, çıxışımızdan razıyam. Əvvəlcədən demişdik ki, qalib gəlmək istəyirdik. Bu, özünəinam baxımından lazımdır. Ancaq nəticə ilə yanaşı futbolçulara baxmaq da vacibdir. Onları bir çox vəziyyətlərdə görmək istəyirdik. Bu gün hesabdan çox gəldiyimiz qənaət önəmlidir. Təsadüfi deyil ki, Xorvatiya ilə müqayisədə, start heyətində 4 dəyişiklik etmişdik. Məsələn, bu gün Rüfət Dadaşovu mərkəzdə oynatmağa, Ramil Şeydayevə isə cinahdan baxmaq istədim. Ömər Buludovu da meydana buraxmağı düşünürdüm. Anton Krivotsyuku da qeyd edərdim. Ona görə də deyirəm ki, çıxışımızdan razı qaldım. İlk hissədə daha yaxşı oynadıq. Daha real şanslarımız vardı. Yüzfaizlik imkanlarımızın da olduğunu da deyərdim. Fasilədən sonra dəyişikliklər və yorğunluq ümumi ritmə təsir etdi".
Xorvatiyalı baş məşqçi Ukraynanın "Aleksandriya" klubunda çıxış edən Pavel Paşayevi zədə üzündən yığmaya çağırmadığını deyib: "O, heyətdə yer alası oyunçudur. Nəzəri cəhətdən çox şey etmək olardı. Məsələn, Ömər Buludovla ikinci qapıçıya da şans vermək olardı. Ancaq hamını razı salmaq çətindir. Biz bir tərəfdən nəticə qazanmaq, digər tərəfdən hamını yoxlamaq istəyirik".
Yurçeviç millinin təlim-məşq toplanışından razılıq ifadə edib: "Çox məhsuldar 10 gün oldu. Ən önəmlisi odur ki, düşərgədə çox yaxşı atmosfer var. Bundan sonra şanslarımızdan daha çox istifadə etməyə çalışacağıq".
Yeni baş məşqçi millinin oyununa azarkeş marağının az olmasına da toxunub: "Stadionun ən azı yarısı dolsa, yaxşı dəstək hiss edərik. Belə olsa, bəlkə də qələbə qazanardıq. Yəqin havanın soyuq olması da təsir edib. Digər tərəfdən, azarkeş marağını artırmaq üçün pozitiv nəticələr olmalıdır. Məqsədimiz daha yaxşı nəticələr göstərməkdir. Qarşıdakı Macarıstan və Slovakiya ilə görüşləri qələbə ilə başa vurmaq istəyirik. Ancaq bu, istəkdir. Reallıq başqa cür də ola bilər".
Xorvatiyalı mütəxəssis "Zirə"nin baş məşqçisi Samir Abasovun ironiya ilə legioner futbolçuları İsmail Fofananın milliyə təklif etməsinə də münasibət bildirib: "Yəqin ki, bu, ironiyalı açıqlamadır. Niyə belə söz dediyini bilmirəm. İndi sizdən eşidirəm. Bilmirəm ki, bu suala necə cavab verim. Bəlkə bununla Premyer Liqada legioner futbolçuların çoxluğuna işarə edib. Klub məşqçiləri ilə görüşəcəyimi demişdim. Hələlik "Neftçi" və "Qarabağ"ın düşərgəsində olmuşam. Çünki yığmaya ən çox oyunçu bu komandalardan gəlir. Digərlərini də ziyarət edəcəyik".