UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların yarısında meydan sahibləri, yarısında qonaqlar qalib gəlib. İngiltərə təmsilçilərindən "Arsenal" Londonda İtaliya "Napoli"si üzərində inamlı qələbə qazanıb. Hər iki qol ilk yarıya təsadüf edib. Aaron Remzi 15-ci dəqiqədə hesabı açıb. 25-ci dəqiqədə isə "topçular" qonaq komandanın futbolçusu Kalidu Kulibalinin topu öz qapısına göndərməsinə seviniblər.
"Çelsi" isə Çexiyada "Slaviya"nı Markos Alonsonun 86-cı dəqiqədə vurduğu qolla məğlub edib.
İspaniya təmsilçiləri "Vilyarreal" və "Valensiya" arasındakı qarşılaşmada da qonaqlar qalib gəliblər. "Valensiya" son 2 qolunu uzatma dəqiqələrində vurub. "Yarasalar" 6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməsələr də, Qonsalo Quedeş təkrar zərbə ilə hesabı açıb. 36-cı dəqiqədə meydan sahiblərindən Santi Kasorla penaltidən dəqiq yararlanıb. "Valensiya"dan 90+1-ci dəqiqədə Daniel Vass fərqlənib. 90+3-cü dəqiqədə isə Quedeş "dubl" edərək, oyunda son nöqtəni qoyub.
"Benfika" isə Portuqaliyada Almaniya "Ayntraxt"ını məğlubiyyətə uğradıb. Meydan sahiblərindən Joao Feliks, 21-ci dəqiqədə penaltidən olmaqla, 43 və 54-cü dəqiqələrdə də fərqlənərək, "het-trik" edib. Daha bir qolu 50-ci dəqiqədə Ruben Dias vurub. Qonaq komandadan isə Luka Yoviç 40-cı, Qonsalo Pasyensia 72-ci dəqiqədə qol vurub. "Antraxt" 20-ci dəqiqədə Evan N Dikkanın qırmızı vərəqə alması səbəbindən oyunun böyük bölümünü azlıqda keçirib.
Beləliklə, ilk görüşlərdən sonra yarımfinala vəsiqələrin taleyinə böyük ölçüdə aydınlıq gəlib. Cavab oyunları aprelin 18-də keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
---------------------
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, 4 qarşılaşmadan biri İspaniyanın "Vilyarreal" və "Valensiya" klublarının iştirakı ilə təşkil olunacaq. Ölkənin şərqində yerləşən eyniadlı qonşu şəhərlər arasındakı məsafə cəmi 60 km-dir. Bu komandalar 2003-2004 mövsümündə həmin vaxt UEFA Kuboku adlanan yarışın yarımfinalda üz-üzə gəliblər. Həmin vaxt səfərdə qolsuz heç-heçə edən "Valensiya" evdə Mistanın penalti qolu ilə finala adlayıb. Daha sonra "yarasalar" Fransa "Olimpik"ini üstələyərək, turnirin qalibi olub.
Erkən final adlandırılan qarşılaşma İngiltərədə "Arsenal" və İtaliya "Napoli"si arasında təşkil olunacaq. "Topçular" "Qarabağ"la birgə yer aldıqları E qrupunu lider kimi başa vurub. Neapollular isə Avroliqaya Çempionlar Liqasından qrup üçüncüsü kimi gəliblər. Bugünkü matçda "Arsenal" Rob Holdinq, Denni Uelbek və Ektor Belyerinin xidmətindən yararlana bilməyəcək. "Napoli"də isə Raul Albiol və Amadu Diavara meydana çıxmayacaq. Bu komandalar əvvəllər yalnız 2013-2014 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıblar. Həmin vaxt hər iki komanda 2:0 hesablı qələbə qazanıb.
Daha bir görüşdə Portuqaliyada "Benfika" və Almaniyanın "Ayntraxt" komandaları üz-üzə gələcək. Lissabon təmsilçisi də Avroliqaya Çempionlar Liqasında qrup üçüncüsü kimi qoşulub. Daha sonra "qartallar" 1/16 finalda Türkiyə "Qalatasaray"ını, 1/8 finalda isə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu üstələyiblər. "Ayntraxt" isə Avroliqanın qrup mərhələsindəki 6 oyunun hamısından qalib ayrılıb. Daha sonra isə Frankfurt komandası Ukrayna "Şaxtyor"u və İtaliya "İnter"ini üstələyib. İki klub ilk dəfə qarşılaşacaqlar.
Nəhayət, Çexiyada "Slaviya" İngiltərənin daha bir təmsilçisi "Çelsi"ni qəbul edəcək. Praqalılar ötən mərhələdə turnirin son qalibi İspaniya "Sevilya"sını mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıblar. "Slaviya" bu mövsüm öz meydanında uduzmayıb. "Çelsi" isə ümumiyyətlə məğlubiyyət acısı yaşamayıb.
Avropa Liqası
1/4 final, ilk oyunlar
23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) - 2:0
Qollar: Aaron Remzi, 15. Kalidu Kulibali, 25 (öz qapısına)
23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya) - 1:3
Qollar: Santi Kasorla, 36 (pen.) - Qonsalo Quedeş, 6; 90+3. Daniel Vass, 90+1
Dəqiq yerinə yetirilməyən penalti: Daniel Parexo, 6 ("Valensiya")
23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) - 4:2
Qollar: Joao Feliks, 21 (pen.); 43; 54. Ruben Dias, 50 - Luka Yoviç, 40. Qonsalo Pasyensia, 72
Qırmızı vərəqə: Evan N Dikka, 20 ("Ayntraxt")
23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə) - 0:1
Qol: Markos Alonso, 86
Qeyd edək ki, Avropa Liqasının finalı mayında 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.