"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"a səfərdə 0:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüşü dəyərləndirib...
- Rəqibi təbrik edirəm. "Qarabağ" çempionluq yolunda vacib 3 xal qazandı. Buraxdığımız səhvlər məni məyus edir. Ən çox da ilk qolda gənc qapıçımızın ağır zədə alması üzücü oldu. Təki xoş xəbər gəlsin. Onsuz da itirə-iitirə gedirik. Şahin Zəkiyevdə də ağır zədə olsa, mövsümün sonunu 1 qapıçı ilə yola verəcəyik. Bu səhvlər artıq məni də yorur. İkinci hissədə buraxılan səhvlər məndə başqa fikirlər formalaşdırır. Çalışıram ki, əsəblərimi qoruyum.
- Zəkiyevin vəziyyəti necədir?
- Hazırda xəstəxanadadır. Burnu və gözünün altında sümüyü sınıb.
- Texniki zonadan niyə uzaqlaşdırıldınız?
- Şahinə ilk zərbəyə və bunadək Con Kamaraya verilən sarı vərəqəyə etiraz etdim. O, 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşdü. Orada heç bir dirsək yox idi, ancaq sarı vərəqə verildi.
- Etirazınız konkret nəyə idi?
- Qapıçımıza Mahir Mədətovun təpiyinin dəyməsinə. Baş hakim bunu görməli, qol qeydə alınmamalı idi.
- Həmişə 90 dəqiqə oynatdığınız Nikola Mitroviçi niyə fasilədə əvəzlədiniz?
- Onda yorğunluq hiss olunurdu.
- Dediniz ki, özünüzdə bəzi fikirlər formalaşır. Nədir bunlar?
- Son oyunları götürsək, bütün qollar ikinci hissəyə təsadüf edir. Bunlar sınma nöqtəsi olur. Qış fasiləsindən sonra yalnız ikinci hissədə qol buraxırıq. Çox fikirlər formalaşır. Bunlar hazırda araşdırılmalıdır, ancaq buna vaxtımız yoxdur. Səbəbini soruşuruq ki, niyə bunlar fasilədən sonra olur. Qollar buraxandan sonra komanda ayılır.
- Totalizatorda pul qoyuluşu ilə bağlı ola bilər?
- Bilmirəm. İmanımı yandırıb kiminsə haqqına gorə bilmirəm.