"Red Bull" pilotu Maks Ferstappen Çempionlar Liqasında Hollandiyanın "Ayaks" və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilmiş yarımfinal mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, hollandiyalı pilot həmyerlilərinin gözlənilməz məğlubiyyətlə üzləşdiklərini bildirib. 22 yaşlı idmançı matçı şam yeməyi vaxtı telefonla izlədiyini söyləyib: "Düşünürdüm ki, hər şey əladır, finala bilet "Ayaks"ın cibindədir. Oyunun son saniyələri çox dramatik alındı və bu, məni göydən yerə qaytardı".
PSV azarkeşi olmasına rəğmən, "Ayaks"ı həyəcanla izlədiyini deyən Ferstappen gözlənilməz məğlubiyyətə bəzi dostları kimi ağlamadığını vurğulayıb: "Dostlarım oyundan sonra çox emosional idilər. Onlardan biri hətta bir saat ərzində mesajlarıma cavab da vermədi. Sonradan özünü pis hiss etdiyini dedi. Mən məyus deyildim, amma finala yüksəlmək "Ayaks" üçün möhtəşəm nailiyyət olardı".
Gənc pilot iki yarışı da müqayisə edib. Onun sözlərinə görə, "Formula 1"də Çempionlar Liqasına oxşar situasiya yoxdur: "Bu, ona bənzəyərdi ki, kimsə 3 dövrə geri qaldığı halda birdən gəlib qalib olsun. Bu, fərqli idman növüdür. Futbolda bir matç hər şeyi həll etdiyi halda, bizdə hər şey 21 mərhələdən asılı olur".