
Akkreditasiyadan keçib stadiona daxil olmaq istəyirdim ki, qarşıma bir cüt fanat çıxdı. Özbəkistandan Avropa Liqasının final oyununu izləməyə gəlmişdilər. Əyinlərində də "Arsenal" forması. İstəkləri isə sevimli komandalarının oyun öncəsi Bakı Olimpiya Stadionundakı məşqini izləmək idi. İddia edirdilər ki, məşqin ən azı ilk 15 dəqiqəsi azarkeşlər üçün açıq olmalıdır. Onlar belə bir hüquqlarının olduğu halda, içəri buraxılmamalarından şikayətlənirdilər.
Açığı, beynəlxalq oyunlarda belə bir qaydadan özüm də xəbərdar olduğum üçün onların stadion mühafizəçilərinə iradlarını haqlı saydım. İstədim ki, içəri keçmələrinə yardımçı olum. Stadionun yoxlama sahəsinə yaxınlaşdıqda çoxlu fanatla rastlaşdım. Onları da içəri buraxmırdılar. Kimisi Rusiyadan, kimisi Qazaxıstandan, kimisi də Asiyanın hansısa başqa ölkəsindən idi.
Mühafizəçilərə fanatların içəri keçməli olduqlarını bildirdikdə "Bizə bu barədə bir söz deyilməyib" cavabını verdilər. Azarkeşlərdən biri isə hansısa xəbər saytında məşqin ilk 15 dəqiqəsinin açıq olacağı bildirişini göstərdi. Amma özüm də tam dəqiq olsun deyə, rəsmi mənbəyə - AFFA-nın saytına baxmağa lüzum gördüm. Mühafizəçilər həqiqətən də haqlı imişlər: Azarkeşlərin məşqi izləmələri ümumiyyətlə nəzərdə tutulmayıbmış. Bunu özlərinə də bildirdikdə razılaşmaq istəmədilər. Etirazlarını davam etdrən fanatlar qarşısında mühafizəçilərin təmkinli davranıb məsələni sakitcə yoluna qoymağı üstün tutmaları həqiqətən də təqdirəlayiq idi...
Ertəsi gün də Bakı Olimpiya Stadionunun qarşısı qələbəlik idi. Stadionun qapılarının açılmasına bir saat, oyuna isə dörd saat qalmışdan arenanın çölündə yığışan fanatlar müxtəlif şüarlar səsləndirir, çalıb-oynayırdılar. Onların şənlənmələrinə "Arsenal" və "Çelsi"ni Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılamış nağaraçılar da yardımçı olurdular. Demə, bunlar heç "Natiq" ritm qrupunun üzvləri deyilmişlər. Özlərinin dediklərinə görə, həmin qrup rəhbəri Natiq Şirinovun "green card" alaraq, ABŞ-a köçməsindən sonra dağılma həddinə çatıb. Nəticədə "musiqi bazarı"na yeni nağaraçılar qrupu daxil olub.
Ağdam klubunun "Qarabağ" bizimdir, bizim olacaq" deyən fanatları və "Beşiktaş"ın yerli fan-klub üzvlərindən başqa qalanları xaricilər idi. Onların arasında iranlılar - cənubi azərbaycanlılar da kifayət qədər saya malik idilər. Hətta bir qızın iki oğlanla gəlişi də diqqətdən yayınmadı.
"Arsenal" forması geyinmiş xanımın baş örtüyü yox idi, oğlanlar isə "Çelsi"nin geyimində idilər. Mühafizə postlarında ciddi nizam-intizam hökm sürürdü. Burada insanların üst geyimlərini tam yoxladıqdan sonra içəri buraxırdılar.
Oyuna hələ bir saat qalmış tribunaların böyük hissəsi dolmuşdu. Bu isə matçadək stadionda boş yerin qalmayacağını düşünməyə zəmin yaradırdı. Axı, oyun günü AFFA-dan verilən açəqlamada da satılmamış cəmi 100 biletin qaldığı bildirilmişdi. Gözəl hava şəraiti də insanların tribunaları tam doldurması üçün əlverişli idi. Amma müəyyən yerlərdəki boşluqlar oyunadək tam dolmadı və yekun protokola əsasən, matçı 51300 tamaşaçının izlədiyi məlum oldu. Ən ciddi boşluq isə elə komandaların özlərinin azarkeşlərinə ayrılan sektorda aydın nəzərə çarpırdı. Bunu "Arsenal" və "Çelsi"yə ayrılan üst-üstə 12 min biletlərdən 4 mininin Londonda satılmaması ilə əlaqələndirmək olardı.
Azarkeşlərin gəldikləri ölkələrin statistikası aparılsaydı, bəlkə də 50-dək ölkəni təmsil etdikləri müəyyənləşərdi. Əksəriyyətinin isə Asiya-ərəb ölkələrindən olduqlarını üzlərindən sezmək çətin deyildi. Məsələn, media sektoru yaxınlığında oturan fanat monqolustanlı idi.
Müxtəlif millətlərin nümayəndələrinə hissələrarası fasilə vaxtı içki və yemək sifariş edənlərin simasında da rast gəlmək olardı. Onlar qiymətlərin ucuz və ya bahalılığına baxmadan istədiklərini alırdılar.
Jurnalistlərə isə yemək müəyyən edilmiş saatlarda pulsuz verilirdi. Düzdür, pullu sifarişlər də var idi. Bunlar əsasən, pivə və sulara aid idi. Pivə soyuducularından birinin üzərində isə "Final başa çatdıqdan sonra açılacaq" yazılmışdı.
Bilmədim həmin soyuducu açıldı, ya yox. Çünki oyundan sonra bizi məşqçi və futbolçuların fikirləri, daha sonra isə gecə saatlarında evə qayıtmaq maraqlandırdı. Oyunçuların paltardəyişmə otaqlarını tərk etmələri xeyli vaxt çəkdi. Onlar miks-zonada telekanallara ayrılan hissədə danışmağa daha çox meylli idilər. Bu da həmin zonaya daxil olduqları vaxt qarşılarında birinci TV əməkdaşlarını görmələrindən irəli gəlirdi.
Əvvəlcədən bütün nəqliyyat vasitələrinin gecə saat 4-dək işləyəcəyi elan olunmuşdu. Metroya daxil olarkən, saat 3-ü keçmişdi. Amma qatarda kifayət qədər əcnəbi fanat var idi. Metro qatarı hərəkətə başlayan kimi onların səsi vaqonu götürdü. Bu zaman da içəridəki polislər içkinin təsiri ilə qışqırıb-bağıran azarkeşlərə heç bir reaksiya vermədilər. Bizim yolumuz 28 may metrosuna, oradan isə Dəmiryol Vağzalına idi. Vağzala qalxdığımız vaxt oturacaqlar üzərində yatan bir neçə əcnəbiyə də rast gəldik. Onlar isə deyəsən, Tbilisi qatarı ilə Gürcüstana, oradan da Avropaya getmək istəyənlər idilər.
Dəmiryol Vağzalına çatdıqda məlum oldu ki, Sumqayıta doğru sonuncu qatar artıq gedib. Halbuki hələ saat 4-ə 20-25 dəqiqə qalırdı. Belə çıxır ki, "Azərbaycan Dəmir Yolları" yalan danışmış, vədini yerinə yetirməmişdi. Yenidən metroya qayıtdıqda isə qatarların hələ də hərəkətdə olduğuna şahidlik edirdik...
Bunları sadalamaqda məqsəd nədir?
Bakı Avropa Liqasının final oyununu tam təhlükəsiz şəraitdə, heç kimə xələl gəlmədən təşkil etməyi bacardı. Bu işdə təkcə AFFA deyil, Azərbaycanın bütün müvafiq qurumları əllərindən gələni etdilər. Bircə Azərbaycan Dəmir Yollarından başqa...
Amma bu nöqsan cəmi 3 gün sonra - iyunun 1-də İspaniyanın paytaxtı Madriddə keçirilmiş Çempionlar Liqasının finalında baş verənlərin yanında çox cüzidir. Hər halda nə yolları zibilləyən oldu, nə saxta bilet satan, nə yollarda qalan avtobus və ya klub rəsmiləri, nə də meydana girən azarkeş... Hətta oyundan sonra stadionda kağız fişəng belə atılmadı ki, meydan batmasın. Əlbəttə, bu, bir zarafatdır. Amma "Çelsi"nin mükafatlandırıldığı vaxt fişəngin atılmamasına başqa bir izah tapmaq mümkün deyil.
Bakıdakı final öncəsi xüsusən "Arsenal" cəbhəsi və Böyük Britaniya mediasının Azərbaycan əleyhinə apardığı kampaniya iflasa uğradı. Bunadək bəzi rəsmilərimizin "Azərbaycanı istəməyən qüvvələr" kəlməsi məndə, açığı, ironiya doğururdu. Amma süni əks-təbliğat cəhdlərini gördükdən sonra bu ifadədə həqiqət payının böyük olduğu ilə razılaşmamaq olmur. Henrix Mxitaryan Bakıya gəlmir deyə, bu boyda hay-küyü erməni barmağı olmadan qaldırmaq Britaniya mediasına bu qədərmi vacib idi? Biz belə hay-küyü ermənilərə daim arxa olan Rusiyanın mediasından görsəydik, təəccüblənməzdik. Amma Britaniya KİV-ləri özlərinə elə əl qatmışdılar ki, onların yanında şimal qonşularımızın yazdıqları daha obyektiv görünürdü.
Pafoslu çıxsa da, bunu deməyə borcluyam, sonda haqq-ədalət zəfər çaldı. Bunu həm "Arsenal"ın biabırçı məğlubiyyəti, həm də Çempionlar Liqasının Madrid finalının təşkilatçılığı fonunda görmək isə hamımızda məmnunluq yaradır.