Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən "Kolos" klubu tarixində ilk dəfə Ukrayna Premyer Liqasında iştirak hüququna yiyələnib.
Sportnet.az-ın məlumatına görə, "Kolos" keçid turnirinin finalında Odessa "Çernomorets"ini iki oyunun yekununda üstələyib - 0:0, 2:0. Beləliklə, 1600 sakini olan Kovalyovka kəndi əhali sayı baxımından elitada təmsil olunacaq ən kiçik yaşayış məntəqəsi olub. Bu kənd Ukrayna paytaxtından 80 km aralıda yerləşir.
Əvvəllər Premyer Liqada ən kiçik yaşayış məntəqəsi ilə təmsil olunan şəhərlər Axtırka və Şepetovka olub. "Neftyanik-Ukrneft" və "Temp" 40 min nəfərlik rayonların klubları olub.
Qeyd edək ki, 2012-ci ildə təsis olunmuş "Kolos" 2015/2016 mövsümündə Ukrayna ikinci liqasında, 2016/2017 mövsümündən birinci liqada çıxış edib. Komandanın ev oyunlarını keçirdiyi stadion 1850 tamaşaçı tutumuna malikdir.