
"Bir müddət sonra Moldovaya qayıtdığıma görə sevinirəm. "Şerif"lə yaxşı uğurlar qazanmışam. Bizi ciddi rəqib gözləyir. Bunu anlayırıq. Ona görə daha erkən gəldik ki, yaxşı hazırlaşa bilək və uyğunlaşaq".
Sportnet.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə Moldovada keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransında deyib. 54 yaşlı mütəxəssis digər sualları da cavablandırıb...
- "Sperantsa"nın prezidenti vurğulayıb ki, rəqiblə fərqimiz odur ki, biz pomidor satırıq, onlar isə neft...
- Rəqib komandanın prezidentinin dediyi sözlərə şərh vermək istəmirəm. Biz futbol oynamağa gəlmişik. Bunun isə futbola aidiyyəti yoxdur.
- Baqali Dabo və Soni Mustivarın olmaması "Neftçi"yə nə qədər təsir edəcək?
- Hər iki oyunçu ilk günlərdən bizimlə məşq etmir. Onlarsız hazırlaşmışıq. Dabonun əvəzinə keyfiyyətli Stiven Monroz var. Hər mövqedə yaxşı oyunçularımız mövcuddur.
- İkinci dəfə "Neftçi"də baş məşqçi kimi Avropa Liqasında mübarizə aparacaqsınız. Birinci dəfəki oyundakı uğursuzluğun yaşanmaması üçün kollektivi oyuna kökləyə bilmisiniz?
- Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Onlar fiziki olaraq bizdən üstün ola bilərlər. Çünki Moldovada çempionat davam edir. Biz son bir ayda çox yaxşı hazırlaşmışıq.
- "Neftçi"də yeni oyunçular var. Komanda ilk rəsmi oyunu səfərdə keçirəcək. Bu yeni futbolçular üçün üstünlükdürmü?
- Yeni gələn oyunçular komandaya yaxşı uyğunlaşıblar. Çalışacaqlar ki, gözləntiləri doğrultsunlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Ev və ya səfər oyunu olmasının fərqi yoxdur.
- Sabahkı oyunda hansı nəticə sizi qane edir?
- Əlbəttə, məğlub olmamaq. Yaxşı nəticə və qələbə üçün gəlmişik. Amma nəzərə almaq lazımdır ki, Avropa Liqası iki matçdan ibarətdir. Ehtiyatlı davranmalıyıq.
- Roberto Bordin amili "Neftçi' üçün üstünlükdür, yoxsa onu yaxşı tanıyan rəqib üçün?
- Əlbəttə, rəqibin baş məşqçisini və oyunçularını yaxşı tanıyıram. Onlar evdə oynayırlar. Bizə qarşı ilk dəqiqələrdən pressinq edə və hücuma can ata bilərlər. Biz isə buna imkan verməməyə çalışacağıq.
- Moldova çempionatını izləyirdinizmi?
- Moldovadan gedəndən sonra çempionatı o dərəcədə izləmirəm. Rəqibi təhlil edəndə baxdım. Onlara hörmətlə yanaşıram.
- "Forza Neftçi" azarkeş qrupu xeyli yol qət edərək Moldovaya gəlib. Bu barədə nə deyə bilərsiniz?
- Çalışacağıq ki, gözəl oyun göstərək və azarkeşləri sevindirək. İnanıram ki, matçın sonunda yaxşı nəticəni qeyd edəcəyik. Onlar hər zaman bizim yanımızda olublar və komandanı dəstəkləyiblər. Bu isə bizə motivasiya verir.