İdman jurnalistikasında ilk xarici səfərim sözsüz ki, yaddan çıxmayacaq. Moldovaya səfər öncəsi "Neftçi"nin "Sperantsa"ya uduzacağını ağlımızdan belə keçirmirdik. Amma nə də olsa, ötənilki "Uypeşt" məğlubiyyətini unuda bilmirdim. Flaqman isə tarixində ilk dəfə avrokuboklarda səfərdə 3 top fərqi ilə qələbə qazandı.
Bütün əngəllərə rəğmən, "Neftçi" istədiyi oyunu göstərə bildi. "Sperantsa" "Neftçi"ni büdrətməsi üçün hər cür yola əl atdı desək, yəqin ki, yanılmarıq. Rəqib oyundan öncə meydanı sulamadı. Təbii ki, bu, onların haqqıdır. Səbəbi isə "Sperantsa"nın "ağ-qaralar"ən sürətli futbolçularından çəkinməsi idi. "Zimbru" stadionundakı meydanın kifayət qədər sərt olması da Azərbaycan təmsilçisinin öz oyununu göstərməsinə əngəl ola bilmədi.
Ot örtüyünün sulanmamasından əlavə, meydandakı top da ürəkaçan deyildi. Təsəvvür edin: kapitan Emin Mahmudov açıqlamasında həyatında ilk dəfə bu cür qəribə bir topla oynadığını söylədi. Bütün bunlar bir yana, moldovalılar görüşdən əvvəl meydana da əl gəzdirmədilər. Ot örtüyünün qırxılmadığı şəraitdə hansı futbolçu öz oyununu istədiyi kimi göstərə bilər? Amma bütün bu maneələr də qələbəyə əngəl olmadı. Bir neçə epizodda Dario Frederiko kimi texnikalı oyunçuların bəlli səbəblərdən istədiklərini edə bilmədiyinin şahidi olduq. Futbolda belə bir ifadə var: "Meydan düz, top yumru". Burada nə meydan düz idi, nə də top yumru.
Qeyri-peşəkar klub və bərbad təşkilatçılıq
"Sperantsa" Moldovanın Nisporen şəhərini təmsil edir. Lakin rəqibin stadionunda təmir işləri getdiyi üçün paytaxtdakı "Zimbru" stadionunda oynamaq məcburiyyətində qalıb. "Zimbru"da normal baza var. Bu, Azərbaycanlı jurnalistlərin diqqətindən yayınmadı. Burada məşq meydançaları, əsas komandanın bazası, aşağı yaş qruplarında olan uşaqlar üçün yataqxana və s. mövcuddur. Bəs təşkilatçılıq? Bu barədə çox danışmaq olar. Klubun mətbuat xidmətinin "rəhbəri" var ki, həmin şəxs o tərəf, bu tərəfə qaçmaqdan başqa bir iş bacarmır. Oyundan öncə mətbuat konfransında "wi-fi" problemimizi "Neftçi"nin sözçüsü Rüstəm Allahverdiyev həll etdi. Konfransın başlamasına 10 dəqiqə qalıb və heç nə hazır deyil. Bu azmış kimi, "Sperantsa"nın mətbuat xidmətinin rəhbəri oyun günü stadion ərazisində bizə irad bildirir. Onun etirazı ondan ibarətdir idi ki, media tribunasına səhv yerdən gedirsiniz. Bəs nə etməliyik? Bizə vəh gəlməlidir ki, necə gedək?
"Sperantsa"nın baş məşqçisi də həmyerlisindən geri qalmır. Oyundan öncə elə ifadələr işlətdi ki, sanki "Neftçi" dünya səviyyəli bir klubla oynayır. O qədər iddialı danışdı ki, axırda biabırçı məğlubiyyətlə üzləşdilər. Növbəti gün isə bəhanə kimi hakimlikdən şikayət etdi və jurnalistlərlə qeyri-etik davrandı. Onu kim qova bilər? Axı atası Petru Efros klub prezidentidir. Həmin şəxs qarşılaşmanın Azərbaycanda yayımlanması üçün "Neftçi"yə problem yaradan, tələb etdiyi məbləğdən aşağı düşməyəcəyini deyən, sonra isə 3 dəfə aşağı qiymətə razılaşan biridir.
Oyunöncəsi mətbuat konfransına futbolçusu İon Arabaci ilə gələn mütəxəssis nədənsə öncə onu təqdim etmədi. Əslində bunu o etməli deyil. Mətbuat xidmətinin rəhbəri futbolçunu və baş məşqçini media nümayəndələrinə təqdim etməlidir. Ən xırda detalları belə bilməyən klub rəsmiləri Bakıda bu barədə nələrsə öyrənə bilərlər.
4000 km-ə qədər yol qət edən azarkeşlər
Ümumiyyətlə, futbolu azarkeşlərsiz təsəvvür etmək mümkün deyil. "Neftçi" də klub olaraq öz azarkeşləri ilə fəxr etməlidir. "Forza Neftçi" azarkeş qrupu Kişineuya kimi 4000 km-ə yaxın yol gəldilər. Paytaxtda çatanda isə ayaqları şişdiyi üçün xəstəxanaya gedənlər də oldu. Amma bütün bunlara baxmayaraq, onlar 90 dəqiqə öz komandalarına dəstəklədilər və qələbəni komanda ilə birgə qeyd etdilər.
Erməninin izlədiyi qələbə və moldovalı jurnalistlərin alqışladığı Rəhman
Matçın hakim-inspektoru Ermənistandan olan Gevorq Hovhannisyan idi. Oyun başlamamışdan öncə səfərə yollanan jurnalistlərlə öz aramızda söhbət edirdik. İlk növbədə, bu şəxsi tanımadım. Bizim iki metr yaxınlığımızda dayan bu şəxs məndən ona keçməsi üçün yol verməyimi istədi. Həmkarlarımdan biri isə zarafat edərək dedi: "O, ermənidir, sən niyə yol verirsən"? Hovhannisyan matçın startından öncə məşq zamanı ancaq "Neftçi" tərəfə baxırdı. Bunun səbəbini özü yaxşı bilər...
Moldovalılar "Neftçi"nin "Sperantsa" üzərindəki qələbəsini unutmayacaq. Yerli jurnalistlərin unutmayacağı dəqiqdir. "Ağ-qaralar"ın heyətində Rəhman Hacıyev baxımlı qola imza atdı. Flaqmanın sonuncu qolunda məndən sağdan əyləşən moldovalı jurnalistlərin Hacıyevi alqışlaması diqqətimdən yayınmadı. Baş məşçilərindən fərqli olaraq yerli media nümayəndələri məğlubiyyətlə barışmışdılar. Rəhman sözünün mənası rəhm edən deməkdir. Görünən odur ki, Hacıyev moldovalılara rəhm etmədi.
Formal oyun, "Arsenal"la mübarizə aparmaq olar...
"Neftçi" artıq mərhələni həll edib. Əslində baş məşqçi Roberto Bordin Rusiya "Arsenal"ı ilə oyunu indidən düşünməlidir. Nəzərə almaq lazımdır ki, onlar "Sperantsa" deyil.
Təbriz QULİYEV
Bakı - Kişinyov - Bakı