"Ötən tur qazandığımız qələbə həftə boyunca bizi müsbət emosiyalarla yüklədi. Bu, bizə "Spartak"la oyunda kömək etməlidir".
Sportnet.az-ın məlumatına görə, bunu Moskva "Dinamo"sunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev deyib. 23 yaşlı hücumçu Rusiya Premyer Liqasında IV turun "Spartak"la prinsipial derbisinə hazırlaşdıqlarını və qalib gəlməyi çox istədiklərini bildirib: "Görək, yekunda necə olacaq".
Qeyd edək ki, "Dinamo" Premyer Liqanın III turunda "Ural"ı 2:0 hesabı ilə yenib. Qollardan birinin ötürməsini Şeydayev verib. "Spartak"la səfər oyunu avqustun 3-də "Otkrıtiye Arena"da olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.