"Erkən qol vurduq, sonra yenə şanslarımız oldu. 2, 3 və hətta 4 qol da vura bilərdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin futbolçusu Əfran İsmayılov evdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib. İsmayılov bərabərliyə üzülmədiyini söyləyib: "Sona yaxın yorulduq. Zədələnmələr, oyunçu dəyişiklikləri ola bilər ki, mənfi təsir etdi. Ümumi götürdükdə bu günə kimi yaxşı formada idik. Bəzən belə də alınır. Hər matçı mükəmməl keçirmək də mümkün deyil. Baş məşqçinin dediyi kimi, belə oyunlar hələ çox olacaq. "Qəbələ" ilə görüş bəlkə bundan da ağır olacaq. Ona görə də, heç kim kənardan çempionata asan baxmasın. Çətin çempionatdır. Düzdür, son dəqiqələrdə qol buraxaraq, 2 xal itirdik. Amma digər tərəfdən, xallarımızın üstünə xal gəldi. Bu matçı unudub, "Qəbələ" ilə növbəti görüş barədə düşünmək lazımdır".
31 yaşlı oyunçu "Qəbələ"nin "Qarabağ"la 1:1 hesablı heç-heçə etdiyi turun açılış matçı barədə də danışıb: "Qəbələ"nin "Qarabağ"dan xal alması çempionatımızın ağır keçməsindən xəbər verir. Həqiqətən də, gözlənilməz nəticə idi. "Qəbələ"də çox dəyişiklik olsa da, sübut etdilər ki, futbol oynaya bilirlər. İndi bizi onlarla oyun gözləyir. Bu gün də sona yaxın müdafiəyə çox qapandıq və həddən artıq yükləndik. Bu, yorğunluğa gətirib çıxardı, nəticədə də qol buraxdıq. Bəlkə də, ədalətli nəticə heç-heçə idi".
İsmayılov öz çıxışını da dəyərləndirib: "Hələ tam hazır deyiləm. Yavaş-yavaş formaya düşməyə çalışıram. Demək olar ki, 70 faiz özümü toparlamışam. Getdikcə daha yaxşı olacağam".