Türkiyənin Antalya bölgəsində azərbaycanlı iş adamı, "Qalatasaray" klubunun Konqres üzvü Bəxtiyar Muradovun avtomobili oğurlanıb.
Sportnet.az "Doğan" agentliyinə istinadən xəbər verir ki, avtomobili Halil D. adlı şəxs Antalyanın Korkuteli rayonunda Muradova məxsus fermanın önündən qaçırıb. Bundan xəbər tutan Muradov isə digər avtomobilinə minərək onun dalınca düşüb.
Onlar 10 kilometr getdikdən sonra iş adamı Halil D.-nın sürdüyü avtomobilin önünü kəsib. O, avtomobilindən enərək əlini Halil D.-nin qaçırdığı maşının pəncərəsindən içəri salıb açarı çıxarmağa çalışıb. Lakin Halil D. üzərindəki tapança ilə onun əlinə vurub və qaçırdığı avtomobili sürməyə davam edib.
Sonda isə polis və jandarma 30 kilometr təqib etdikdən sonra Halil D. Cəhənnəm Dərəsi adlanan ərazidə qəzaya düşüb. Polisə müqavimət göstərən oğru, polisin xəbərdarlıq atəşindən sonra saxlanılıb.
Həmin şəxsin əvvəllər içkili və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərək, ölümlə nəticələnən yol qəzası törətdiyi müəyyənləşib.
Qeyd edək ki, Bəxtiyar Muradov 24 ildir Türkiyədə yaşayır. Əslən sumqayıtlı olan iş adamı hazırda Antalyada "GS Store", restoran sahibidir. Onun inşaat və daşınmaz əmlak sahəsində də biznesi var.