"Çətin və maraqlı oyun alındı. Meydanda xeyli mübarizə gördük. Bir xal bizim üçün lazım idi. Birinci hissə bizim üçün fərqli keçsə də, ikinci hissədə bir qədər yorulduq. Bu da bir həftə ərzində 3 oyun keçirməyimizdən irəli gəlirdi. Bir neçə səhvimiz də buna görə idi. Rəqibin çox istəkli olacağını ardıcıl 4 oyunda qələbələr qazanmalarından bilirdim. Futbolçularım nəticə üçün əllərindən gələni etdilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis noyabrın 7-də Kiprdə APOEL-lə keçirəcəkləri Avropa Liqasının IV tur matçını düşünərək, çox güc sərf etmədiklərinə dair fikirlərlə razılaşmayıb: "Son 10 gündə 3-cü oyunumuz idi, istər-istəməz yorğunluq vardı. Lakin "Neftçi" də istəkli idi, qələbə qazanıb xal fərqini azaltmaq istəyirdilər. İkinci hissədə yorğunluq öz sözün dedi. Bu gün az güc sərf etmədik. Məğlub olmaq istəmirdik, oyuna ciddi hazırlaşmışdıq. Sadəcə, bəzi futbolçular, məsələn, Mahir Mədətov istədiyim oyunu sərgiləmədi, Ailton yoruldu. Bu səbəbdən, "Neftçi" onun cinahından hücumlar qurdu. Əvəzində biz Araz Abdullayevi sola çəkdik. Əvəzində bu mövsüm ikinci matçına çıxan Hacıağa Hacıyev ilk hissədə yaxşı oynadı, ikinci hissədə isə yorularaq top itkilərinə yol verdi. Belə bir oyunçunun meydanda olması mənə vacib idi".
Qurbanov "Neftçi" 8 xallıq fərqi aradan qaldıra bilərmi?" sualını isə belə cavablandırıb: "Rəqib ötən il bizdən irəli olduqları vaxt çempionluqdan əlimizi üzməmişdik. Bilirdik ki, xal itirə bilərlər. Elə də oldu. Yəni, çempionluq mübarizəsinin bitdiyini düşünməməliyik".
Baş məşqçi Xayme Romeronun sabahdan komanda ilə tam şəkildə məşqlərə başlayacağını bildirib. O, ispaniyalı yarımmüdafiəçinin APOEL ilə Kiprdəki Avropa Liqası matçında "18-lik"də yer alacağını bildirib. Baş məşqçi oyunun sonlarında əzələsini dartan Mahir Emrelinin zədəsi ciddi ola biləcəyini vurğulayıb. Qurbanov APOEL-in baş məşqçisi Tomas Dollun istefa verməsinə də münasibət bildirib: "İstefası qəbul olundumu? Xəbərim yoxdur. Dəyişiklik olanda, komanda daha yığcam olur. Bu barədə qəti düşünmürük. Əsad öz hazırlığımızdır".