"Çətin oyun oldu. Qapanan rəqibə qarşı oynadıq. Cinahlardan hücumlar təşkil etməyə çalışırdıq. "Səbail" isə əks-hücumdan bir neçə qol vəziyyəti yaratdı. Bizim də çoxlu sayda epizodumuz oldu. Onlardan ən azı birini reallaşdırmağa layiq idik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın XIII turunda səfərdə "Səbail" ilə qolsuz heç-heçə etdikləri görüşdən sonra söyləyib. 54 yaşlı italiyalı mütəxəssis deyib ki, əsas məsələ çoxlu sayda qol imkanları yaratmalarıdır: "Bu gün Rauf Əliyevin işi çox çətin idi. Rəqib üç müdafiəçi ilə çıxış edirdi və onu bağlayırdılar. Keçən oyunda çoxlu qol imkanımız vardı, bunlardan 4-nü reallaşdırdıq. Bu gün də çoxlu qol epizodumuz oldu. Olmasaydı, məni narahat edərdi. Sadəcə, bu gün istifadə edə bilmədik".
Bordin süni örtük amilinin komandasının işini bir qədər çətinləşdirdiyini vurğulayıb: "Biz təbii örtüklü meydana öyrəşmişik. Süni qazon fərqlidir. Bunu səbəb kimi göstərmirəm. Komandamız yaxşı oyun göstərdi. Yaxşı imkanlarımız oldu. Bu gün yalnız qol çatışmadı. Komanda hər şey etdi. Çatışmazlıqları görmək üçün oyunumuzu daha dərindən analiz edəcəyəm. Vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Qol epizodlarını reallaşdıra bilmədiyimiz üçün üzülürəm. Amma yaxşı oynadığımızı da düşünürəm".