
"Bir xal qazandıq. Bu, 2019-cu ildə çempionatda son oyunumuz idi. Mövsümün birinci hissəsini lider kimi tamamladıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIV turunda evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdən sonra söyləyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, "Keşlə" yaxşı formalaşmış komandadır: "Qarşıda Avropa Liqasında "Düdelanj"la və Azərbaycan Kubokunun 1/4 finalında "Keşlə" ilə oyunlarımız var. Komanda həddindən artıq yüklənib. Bizi daha gərgin çempionat gözləyir. Özümüz və rəhbərlik komandanın yanında olacağıq. Heyətimiz daha artığına layiq və qadirdilər".
Qurbanov qapıçı Asmir Beqoviçin ehtiyatda saxlamasına və yarımmüdafiəçi Filip Ozobiçin durumuna da aydınlıq gətirib: "İlin sonunda icarə müqaviləsi başa çatır. Bizdən asılı olanı edəcəyik ki, qalsın. Özü də qalmaq istəyir. Şəhəri, komandanı bəyənir. Qapıçı mövqeyi ilə bağlı əvvələr də rotasiyalar olub. Ozobiç komanda ilə məşqlərə başlayıb. İmkan olsa, qarşıdakı matçlarda şans verəcəm".