"Medialogiya" şirkəti Rusiyada 2019-cu ilin 30 ən populyar idmançısının siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, siyahıya "Zenit"in futbolçusu və Rusiya millisinin kapitanı Artyom Dzyuba başçılıq edir. Sonrakı iki yeri həbsdən çıxanlar - Sankt-Peterburq təmsilçisinin daha bir hücumçusu Aleksandr Kokorin və "Rostov"un yarımmüdafiəçisi Pavel Mamayev tutur.
İlk "10-luq"da MMA döyüşçüsü Həbib Nurməhəmmədov, hokkeyçilər Aleksandr Oveçkin, Yevgeni Kuznetsov və Nikita Kuçerov, fiqurlu konkisürənlər Alina Zagitova və Yevgeniya Medvedeva, həmçinin futbolçu Aleksandr Qolovin də yer alıb.
Tennisçilərdən Daniil Medvedev 11-ci, Mariya Şarapova 30-cu pillədə qərarlaşıb. "30-luğ"a "Formula 1"də çıxış edən "Toro Rosso" pilotu Daniil Kvyat da düşüb. O, 18-ci pillədə qərarlaşıb.
Ümumiyyətlə, siyahıda 14 futbolçu, 7 hokkeyçi, 4 fiqurlu konkisürən, 2 tennisçi, biatlonçu, qarışıq döyüşçü və "Formula 1" pilotu yer alıb.