
“Qəbələ” komandası 2019/2020 mövsümünün ikinci yarısının hazırlıqlarına yanvarın 4-də başlayacaq.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Bakıda bir araya gələcək. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutacaq 2020-ci ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Komanda üzvləri Bakı Olimpiya Stadionunda məşq edəcək.
Hazırlıq prosesinin paytaxtda baş tutacaq ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.
“Qəbələ” yanvarın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara qəsəbəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq.
Yanvarın 14-də “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Ayın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək komanda yanvarın 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.