
Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim klub prezidenti Mustafa Cengizin Arda Turanla bağlı açıqlaması ilə razılaşmayıb.
Sportnet.az xəbər verir ki, 67 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında Cengizin Ardanın transferinin gündəmdə olmadığına dair fikirlərinə qarşı çıxıb.
"Mən o cümlədən yararlanmazdım" deyən Terim səbəb kimi tanınmış yarımmüdafiəçinin uzun müddət "Qalatasaray"a xidmət edərək pul qazandırmasını göstərib.
Turanın indiyədək "Cim-Bom"a qayıtmaq istəyini ifadə etmədiyini vurğulayan baş məşqçi vaxtilə Türkiyə millisində futbolçu ilə arasında baş vermiş insidentin bu məsələyə aidiyyatının olmadığını diqqətə çatdırıb: "Aramızda bu qədər şeyin olmasına baxmayaraq, şəxsi olaraq Fatih Terim - Arda Turan münasibətləri ayrı, futbolçu və baş məşqçi statusları ayrıdır. Ardanın özünün də "Qalatasaray"a gəlmək istədiyinə dair açıqlaması olmayıb. Mən də heç kimə "onu alın və ya almayın" deməmişəm. Zaman hər şeyin əlacıdır".
Qeyd edək ki, "Başakşehirspor"un mövsümün ikinci yarı üçün nəzərdə tutulan heyətində Arda Turanın yer almayacağına dair xəbərlər yayılıb.