
“Təlim-məşq toplanışı ümumilikdə planlaşdırdığımız kimi keçdi. Nəzərdə tutulduğu kimi hazırlıq prosesində 4 yoxlama oyununda qüvvəmizi sınadıq. Sevindirici odur ki, bu matçlarda bütün oyunçulara şans verdik. Hər futbolçu şans qazanaraq oyun ritminə qoşuldu".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesi barədə klubun rəsmi saytına açıqlamasında deyib. Gənc mütəxəssis komandasını Premyer Liqada marafonun gözlədiyini bildirib. Onun sözlərinə görə, kollektivin daha keyfiyyətli olduğu gündən-günə məşqlərdə hiss edilir: "Son matçda da bunun şahidi olduq. Görüşdə müsbət məqamlar çox idi. Müəyyən çatışmazlıq da var. Onu da yaxın gələcəkdə aradan qaldıracağıq. İndidən bütün fikrimizin XV turun “Keşlə”yə qarşı oyunu ilə bağlı olduğunu demək olmaz. Toplanışı planlaşdırdığımız kimi başa vurmaq istəyirdik. Komanda bunun öhdəsindən gəldi. Məşqlərdə və oyunlarda istədiyimizi onlardan ala bildik”.
Qeyd edək ki, "Qəbələ" son yoxlama matçında Rumıniya "Konkordiya"sı ilə heç-heçə edib - 2:2.