Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ”la oyunu “Səbail” klubunun iki üzvü üçün yubileylə əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev komandanı 50-ci rəsmi matça çıxarıb.
2018-ci ilin yayından bu vəzifədə çalışan mütəxəssis 43 çempionat, 5 kubok və 2 avrokubok görüşündə komandaya rəhbərlik edib. “Səbail” bu 50 oyundan 16-da qələbə qazanıb, 9-da heç-heçə edib və 25-ci məğlubiyyətini “Qarabağ”dan alıb – 0:1. Hacıyevin yetirmələri 48 qol vurub, 73-nü buraxıblar.
“Səbail”in futbolçusu Fəhmin Muradbəyli klub tarixinə Premyer Liqada 50 oyun keçirən ilk oyunçu kimi düşüb. O, 2018-ci ildən çıxış etdiyi komandada 6 qol vurub. Yarımmüdafiəçi 2017/18 mövsümündə 13 matçda 3, 2018/19 mövsümündə 24 oyunda 3 qol vurub. Cari çempionatda 13-cü görüşünə çıxan futbolçu fərqlənməyib.