
“Rəqib heyətinə görə çempionatın ən güclü kollektivlərindən biridir. Komandamdan razı qaldım. Sonadək mübarizə apardıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətə baxmayaraq, komandasının əzmkarlığı onu qane edib: "Əvvəlki üç oyunda məğlub olmuşduq. Həmin matçlarda komanda şəklində zəif oynamışdıq. Heyətdəki dəyişikliklərlə istədik ki, yeni nəfəs gətirək. Rəqibin gücünü də nəzərə almaq lazımdır. Səviyyə baxımından bizdən üstün futbolçulara malik komanda ilə oynadıq. Bu matça qədər oyunlarımıza baxsanız, müsbət cəhətlər çoxdur. Sadəcə, müdafiə planında axsamalar var”.
Baxşıyev qış fasiləsində heyətdə baş verən dəyişikliklərə də toxunub: “Hər oyunçu faydalı idi. Oturuşmuş heyətimiz var idi. Onların getməsi də mənfi təsir göstərdi. Yeni gələnlərdən Nikolas Raysel zədə üçün bu gün oynamadı. Abdelrafik Jerar bir müddət oynamadığı üçün oyun praktikası toplamalıdır. Onun qarşıdakı turlardan sonra formaya qayıtması gözlənilir. Bunları bilirdik, toplanışda görürdük. Yeni futbolçular bizə gec qoşulduğu üçün optimal oyunumuzu hələ tapa bilmirik. Yarımmüdafiənin mərkəzində də axsayırdıq. “Neftçi” isə burada güclü futbolçulara malikdir. Ona görə müdafiə planını etibarlı etmək üçün İdris İnqilablı və Sadiq Quliyevə üstünlük verdik. Azərbaycan futbolu mütəmadi şans qazansa İdrisin simasında yaxşı futbolçu qazanacaq”.