"Düşünürəm ki, püşkün nəticəsinə sevinməliyik. Bizə yad olmayan rəqiblərlə bir qrupa düşdük. Hamısı ilə oynamışıq".
Sportnet.az-ın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Monteneqro millisinin futbolçusu Marko Bakiç deyib.
Hazırda Belçika "Muskron"unda çıxış edən 27 yaşlı yarımmüdafiəçi bildirib ki, C Liqasında yer aldıqları qrupda 1-ci yer uğrunda mübarizə apara bilərlər: "Düzdür, uğursuz seriyadan sonra qrupda kiməsə yuxarıdan-aşağı baxmağa haqqımız yoxdur. Amma komandamızın keyfiyyəti və üstün tərəfləri 1-ci yer haqqında düşünməyə əsas verir. Turnirə hazırlaşmaq üçün vaxtımız var. Martın sonunda Podqoritsada yoldaşlıq oyunlarına start verəcəyik. Payıza qədər daha bir neçə qarşılaşma planlaşdırılıb".
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Kipr, Lüksemburq və Monteneqro ilə üz-üzə gələcək. Yığma qrupda ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək. Monteneqro ilə birinci görüş isə oktyabrın 9-da səfərdə olacaq ("Report").