
"Yüz il hamımızın qürur duyduğumuz böyük ildönümüdür".
Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu fikirləri qurumun prezidenti Aleksander Çeferin Sloveniya Futbol İttifaqının yaranmasının 100 illik yubileyi mübasibətilə keçirilən onlayn tədbirdə çıxışı zamanı deyib.
Sloveniyalı funksioner bildirib ki, əvvəllər bu idman növünə azarkeş kimi yanaşıb: "Milli komanda vacib oyunda uduzanda onu tənqid edən biri idim. Sonra milli assosasiyanın prezidenti oldum. Yalnız onda başa düşdüm ki, futboldan xəbərim yoxdur və tənqidim nə qədər əsassız imiş".
A.Çeferin UEFA prezidenti olaraq artıq futbola fərqli baxış bucağından baxdığını söyləyib: "Əvvəlkitək futbola və Sloveniya millisinə heyranam. Ölkəmin futbolundakı inkişafı izləyirəm. Şadam ki, futbol əmin əllərdədir. Bu baxımdan, Sloveniya futbolunun gələcəyinin parlaq olacağına şübhəm yoxdur. Meydanda rəqabət ola bilər, amma uğur qazanmaq üçün futbolu özündən birləşdirmək lazımdır".
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı il sentyabrın 14-dən UEFA-ya başçılıq edir.