
Cari mövsümün sonunda "Keşlə"dən ayrılan Ruslan Qurbanov özünə yeni iş qurub.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı milliləşmiş futbolçu onlayn bizneslə məşğul olur.
Bununla bağlı o, şəxsi "Instagram" səhifəsində paylaşım edib. Azərbaycan millisinin sabiq hücumçusu bildirib ki, idman mallarının onlayn satışını həyata keçirir: "Hazırda müştərilərim çox deyil, amma mal alanların əksəriyyəti məmnundur. Gələcəkdə mağaza açmağı planlaşdırıram".
Karantin dövründəki digər məşğuliyyətlərindən də söz açan forvard hər gün nahardan sonra kitab oxuduğunu qeyd edib: "Boş vaxtım çox olur. Açığı, heç vaxt kitab oxuyacağımı düşünməzdim. Amma artıq 2-ni bitirmişəm və 3-cüyə başlamaq istəyirəm. Mütaliəni hamıya tövsiyə edirəm. Çox oxuya bilmirəm, nədənsə, yuxuya gedirəm. Hələlik gün ərzində 40-50 dəqiqə kitab oxuyuram".
Hazırda azad agent olan futbolçu digər sahələrdə də özünü inkişaf etdirir: "Bilirəm ki, çətin olacaq, bunun üçün çox güc sərf etməliyəm. Amma necə deyərlər, əziyyətsiz göldən balıq belə, tuta bilməzsən".
Qeyd edək ki, "Keşlə"yə Ruslan Qurbanov cari mövsümün əvvəlində keçmişdi.