"Ayın 12-də, günortadan etibarən getdikcə çoxalan güllə səsləri eşidildi. Sonra bizə xəbər çatdı ki, atışma başlayıb".
Spotnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin sabiq üzvü, hazırda U-16 millisinin baş məşqçisi olan Aqil Nəbiyev PFL-in Mətbuat xidmətinə açıqlamasında son vaxtlar Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlər barədə danışarkən deyib.
Tovuz futbol məktəbinin yetirməsi olan veteran müdafiəçi bildirib ki, belə halla ilk dəfə üzləşmirlər: "90-cı illərdən bəri bu səslə oyanıb, bu səslə yatmışıq. Məlumat gəldi ki, atışma Ağdam kəndində gedir və şəhidlərimiz var. Elə atışmanın ilk dəqiqələrindən Ağdama axın başladı. Postlar qurulmuşdu, bizi kəndə buraxmadılar, hamı kəndin girişində toplandı. Biz girişdən geri çəkilmədik, gözümüzün qarşısından hərbi maşınlar keçirdi və onlara sözlə, alqışla dəstək olurduq".
Nəbiyevin sözlərinə görə, hər keçən dəqiqə əraziyə toplananların sayı artıb: "5 mindən çox adam vardı, hamı döyüşmək üçün silah axtarırdı. Gecə yenidən Ağdam kəndinə getdik ki, əsgərlərin arxasında ikinci cəbhə kimi olaq, bəlkə nələrsə lazım oldu, onların əlindən tuta bildik. Biz tək deyildik, yaxın rayonlardan da gələnlər vardı. Orada olan hər kəs anlayırdı ki, artıq 90-cı illər deyil. Nizami ordu və güclü dövlət var. Sadəcə, kiminin çörək, kiminin su, kiminin evdən yemək aparması içdən gəlirdi, biz onu ürəyimizlə edirdik və edirik. Hərbi maşını saxlayırıq, salamlaşırıq, uğurlar arzu edirik, nələrsə veririk".
Gənc mütəxəssis Azərbaycanı sevməyən insanların onların Ağdam kəndinə gedişini camaatın kənddən çıxışı kimi qələmə verdiklərini vurğulayıb: "90-cı illərin xaosunda yurdunda qalan camaat, belə nizam-intizamlı vaxtda qoyub gedərmi? Heç vaxt! Biz orduya və dövlətə güvənirik. Güllə səsləri ilə böyümüşük, bu gün də atışma səsinə oyanmışıq. Atışmaya baxmayaraq, Tovuzda panika yoxdur. Sadəcə, vətən torpaqlarının keşiyində duranlar üçün dua edək. Qələbə bizimlə olacaq!".