"1 həftədir gecəmizi gündümüzə qatmışdıq ki, bu gün - iyulun 20-də yayıma çıxa bilək. Şükürlər olsun ki, bunu bacardıq. Azərbaycan tarixində ilk dəfə olaraq klub televiziyası fəaliyyətə başladı”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bu gün fəaliyyətə başlayan klub televiziyası haqda danışarkən deyib.
R.Allahverdiyev qeyd edib ki, “Neftçi TV” azarkeşlərin istəklərini qarşılaya biləcək: “Hesab edirik ki, qarşımıza qoyulan məqsədi ən yüksək səviyyədə yerinə yetirə biləcəyik. Azarkeşlərimizin, bizi izləyənlərin istəklərini, gözləntilərini qarşılaya biləcəyik. Komandamız haqda tamaşaçılara operativ, maraqlı informasiyalar çatdıra biləcəyik. Klubun tarixi, akademiya ilə bağlı, ümumilikdə “Neftçi”nin fəaliyyəti haqda maraqlı verilişlər hazırlayıb təqdim edəcəyik və inanırıq ki, ortaya qoyduğumuz iş hər kəs tərəfindən bəyəniləcək”.
“Neftçi” rəsmisi bildirib ki, klub televiziyasının ilk iş gününü uğurlu hesab etmək olar: “Nə qədər hazırlaşsaq da, ilk gün olduğu üçün çox həyəcanlı idik. Xırda da olsa bəzi səhvlər var idi. Təbii ki, səhvsiz iş olmur. Çalışacağıq ki, xırda çatışmazlıqları da aradan qaldıraq, səhvləri təkrarlamayaq. Hesab edirəm ki, ilk yayım gününü uğurlu hesab etmək olar”.
Allahverdiyev “Neftçi TV”nin ilk gün üçün baxış sayını açıqlayıb, eləcə də “ağ-qaralı” fanatlara səslənib: “Zaman keçdikcə kanalımızdan gözləntilərimiz də, baxış sayımız daha da artacaq. İnanırıq ki, işimizlə izləyicinin diqqətini cəlb edə biləcəyik. Məhz bunun üçün də çalışırıq. Bayaq statistikaya baxdıq, ilk gün 3 mindən çox baxış olub. Bəlkə də başlanğıc üçün bu, böyük rəqəmdi. Lakin “Neftçi” üçün bu rəqəm kiçikdi. Odur ki, bütün azarkeşlərimizə səslənirəm. Qoy kanala abunə olmaqla “Neftçi TV”yə dəstək olsunlar. Biz də işimizlə onları razı salmaq üçün tam gücümüzlə çalışacağıq. Bu gün bu yolda ilk addımızı atdıq. İnanıram ki, çıxdığımız yol uzun olacaq və gündən-günə “Neftçi TV”ni inkişaf etdirəcəyik”.
Sonda Allahverdiyev bildirib ki, klub rəhbərliyi də ilk gündəki işdən razılığını ifadə edib: “Təbii ki, rəhbərlik də yayımı izləyib. Onlar da ilk gündən razı qalıblar. İlk yayım gününə görə öz təşəkkürlərini bildirdilər. Klub rəhbərliyi də vurğuladı ki, “Neftçi TV” Azərbaycan tarixində bir ilkdir” (futbolxeber.az).