"İlk növbədə, futbolçularımı yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün onlar əsgər kimi idilər. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm".
Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Polşada "Legiya" komandasını 3:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off oyunundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis hesabın matçın nəticəsini tam əks etdirmədiyini bildirib: "Rəqib yaxşı komandadır. Amma onlar oyun sistemini dəyişmişdilər. Fikrimcə, 3:0 hesabı matçın gedişini tam əks etdirmir. Çünki "Legiya" daha yaxşı səviyyədə olan komandadır. Nəticədən tam razıyam. Polşa komandasına və yeni baş məşqçisi Çeslav Mixneviçə uğurlar arzulayıram".
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasında pley-off oyununu keçirib. Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.