"Bu gün acınacaqlı durumdayıq. Bəziləri meydana xəstə, qızdırmalı vəziyyətdə çıxdı. Test veririk, neqativ çıxır. Amma futbolçuda qızdırma olur. Belə getsə, gələn turdan dayanacağıq. Oyunçu qıtlığı çəkirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis çempionatın davam etdirilməsinin tərəfdarı olduğunu, amma koronavirusla bağlı vəziyyəti anlaya bilmədiyini söyləyib: "Hazırda futbolçuların 70 faizində koronavirus var. Vəziyyət çox pisdir. Qarşıdakı tur "Zirə" ilə oyuna nə vəziyyətdə çıxacağımızı bilmirik. PFL deyir ki, heyətdə 7 futbolçuda koronavirus olmalıdır ki, oyun təxirə salınsın. Neyləyək, 7 futbolçunu haradan tapaq? 11 futbolçunu necə olsa, tapıb meydana çıxmalıyıq. Həftə ərzində bir cür hazırlaşırsan, amma sonra görürsən ki, futbolçuların səhhətində problemlər var. Bu gün məcbur olub 4 cür heyət qurmuşam".