DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Serbiya yığmasında baş məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib.
Sportnet.az "sportskacentrala.com" saytına istinadən xəbər verir ki, Lyubişa Tumbakoviçin istefasından sonra bu post üçün 3 nəfərin adı hallanır.
Bunlar Vladan Miloyeviç, Savo Miloşeviç və Draqan Stoykoviçdir. İddiaya görə, Serbiya Futbol İttifaqı əsasən Stoykoviçlə intensiv danışıqlar aparır.
Əslində tərəflər arasında ilkin razılıq əldə olunduğu bildirilir. Sadəcə 55 yaşlı mütəxəssisin Çinin "Quançjou Fuli" klubu ilə müqaviləsi davam etdiyindən təyinat gecikir. Hazırda federasiya bu problemi aradan qaldırmağa çalışır.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda yer alıb. Canni De Byazinin başçılıq etdiyi komanda serbiyalılarla ilk matçını martın 30-da Bakıda keçirəcək.