Canni de Byazinin Türkiyənin Antalya şəhərinə səfəri sırf iki futbolçu - Kamran Əliyev və Anatoli Nuriyevlə bağlıdır.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib. O bildirib ki, italiyalı mütəxəssis qardaş ölkəyə köməkçiləri ilə birgə yollanıb.
Həsənzadənin sözlərinə görə, AFFA-nın xaricdə oynayan azərbaycanlı futbolçularla bağlı siyahısı geniş olsa da, hamısı ilə danışıqlar aparılmayıb: "Kiminlə danışıq aparılmasına və yığmaya cəlb edilməsinə baş məşqçi qərar verəcək. Bu cür yanaşma da bir az məntiqsizdir ki, harada azərbaycanlı varsa, hamısını buraya gətirək. Bu, artıqdır, çünki kifayət qədər yerli futbolçumuz da var. Hələlik Kamran Əliyev və Anatoli Nuriyevlə məşğuldurlar".
Qeyd edək ki, Kamran Əliyev Rusiyanın "Ximki", Anatoli Nuriyev isə Ukraynanın "Minay" klubunda oynayır. Əliyev hücumçu, Nuriyev isə hücumameylli yarımmüdafiəçidir.