"Çətin oyun idi. "Qarabağ"ın gücünü bilirik. İki fərqli hissə oldu. Rəqibin ilk dəqiqələrdəki təzyiqini gözləyirdik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI turunun oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, qapıçıları Mehdi Cənnətov komandanı məğlubiyyətdən xilas etdi: "Son dəqiqələrdə yaxşı qurtarışları oldu. "Qarabağ"la oyunda qol imkanın az olur. Bir xal bizim üçün önəmlidir. Qış fasiləsindən sonra pis başlamamışıq".
Abbasovun sözlərinə görə, Höccət Haqverdinin zədə alması planları dəyişib: "İrəlidəki futbolçular çox çalışdı. Bilirdim ki, yorulacaqlar. Futbolçulara müdafiədə oturmaq siqnalı vermək istəmirdik. Hücumçuları meydana buraxıb irəlidə rəqibə təzyiq etməyə çalışdıq".