"Bir qədər qısa danışacağam. Əlbəttə, uduzmaq istəməzdik. Çünki son oyunadək şansımızın olduğunu bilir və axırıncı tura üstün durumda getmək istəyirdik. Lakin bunu əldən verdik və şansımız son tura qaldı. Futbolçulara da bildirdim ki, bu məğubiyyəti tezliklə unutmalı və "Səbail" komandası ilə səfər oyununa hazırlaşmalıyıq. Əlbəttə, uzatma dəqiqəsində qol buraxmaq planda yox idi. Bəlkə də bu oyunun taleyini bir qol həll edəcəkdi. İkinci hissədə nələrisə dəyişdik, hücumda çoxalmağa başladıq, rəqib isə bizi əks-hücumda yaxalayırdı. Futbolçular maksimum çalışdılar, epizodlarımız oldu. Böyük problem yoxdur. Son iki finalımız qalıb. Onlara da hazır olmağa və mövsümü yaxşı nəticələrlə başa vurmağa çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, pətişanlığı oyuna görə deyil: "Bəzi məqamlar bir baş məşqçi və insan kimi məni üzür. Udanda da eyni Ayxanam, uduzanda da. Oyunun yorğunluğu və gərginliyindəndir. Mən "Sumqayıt"da həmişə inanıb qalmışam, yenə də inanıram. Bu futbolçular əllərindən gələni ediblər. Avrokuboklara vəsiqə qazanmasaq da, onlara təşəkkür edəcəyəm. Digər komandaların bizdən açıq-aşkar hər cəhətdən üstünlükləri var. Amma futbolçularım oyunlarda heç kimdən geri qalmırlar. Sevinirəm ki, biz "Neftçi" ilə, "Qarabağ"la mübarizə aparırıq, rəqiblərimiz "Sumqayıt"la oyunlarda gərgin olurlar. Bu, bizim inkişafımızdır. Meydana gənclər komandamızdan 4-5 futbolçu çıxır. Çox şeylər var. Amma belə görünməyim oyunun yorğunluğundandır. Udanda da, uduzanda da eyni oluruq, bundan sonra da elə olacaq".
Abbasov son dəqiqələrdə "Neftçi"nin məşqçisi Seymur Rəhimovla "Sumqayıt"ın futbolçuları arasında söz atışmasının olduğu və özünün həmkarını sakitləşdirmək üçün onun yanına gəldiyi epizoda da münasibət bildirib: "Elə bir böyük problem yoxdur. Oyunun sonlarıdır, gərək hamımız ehtiyatlı olaq. O cümlədən, kənardan müdaxilələrdə çox diqqətli olmalıyıq. Futbolçular gərgindirlər, hər sözü qəbul edə bilməzlər. Son dəqiqələrdə topu çölə çıxardılar, biz də oyuna başlayanda topu onlara qaytardıq. Lakin dəfələrlə olub ki, "Neftçi"nin məğlub etdiyimiz oyunlarda zədəli oyunçu yerdə olduqda topu kənara çıxarmışıq, lakin onlar oyunu bərpa etdikdə topu bizə qaytarmayıblar. Hətta yadımdadır ki, Roberto Bordinin vaxtında autdan topu oyuna daxil edərək, gedib qapımıza qol vurdular və 1:2 hesabı ilə uduzduq. Biz qalib gələndə feyr-pley fikirləşirik, uduzanda yox. Ona görə də gərək hər zaman orta nöqtəni tutasan. Bu gün də son dəqiqələrdə "Neftçi"nin bəzi futbolçularını sudoroqa tuturdu. Bizim orada qışqırmağımızın yeri yox idi. Futboldur, həqiqətən də yorulmuşdular. Bunu normal qarşılayıram. Gərək, hər dəfə meydanın daxilində baş verənlərə düzgün reaksiya verək. Ümumən böyük poroblem yoxdur, hamısına hörmətim var. Hər kəsə uğurlar arzulayıram. Çempionatın sonudur. Yəqin ki, bu mövsüm də idman prinsipi əsasında başa çatar".