AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Rusiyanın "Spartak" klubundan ayrılan Ayaz Quliyevin Azərbaycan millisinə cəlb edilmə ehtimalına münasibət bildirib.
Milli assosiasiya rəsmisi Sportnet.az-a açıqlamasında 25 yaşlı futbolçu ilə rəsmi olaraq heç kimin ünsiyyətdə olmadığını söyləyib. Lakin assosiasiya rəsmisi bəzi menecerlər və ya agentlərin Quliyevlə söhbət etmələrini istisna etməyib: "İindiyədək heç kim Ayazın millimizdə oynayacağını söyləməyib. Növbəti oyun mayın 27-də Türkiyə ilə yoldaşlıq görüşü olacaq, amma hələ heyət açıqlanmayıb və dəvətlilər arasında onun olub-olmayacağını deyə bilmərəm".
F.Abdullanın sözlərinə görə, dəvət faksla kluba göndərilir və ya oyunçu təlim-məşq toplanışına çağırılır: "Quliyevlə bağlı vəziyyət belə deyil. Hər hansı söhbət olubsa, bunlar yalnız qeyri-rəsmidir".
Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz Quliyev 2019-cu ildə "Rostov"da Moskva təmsilçisinə keçib. Onun yenidən "Rostov"a qayıtması gündəmdədir. Quliyev "Spartak"da ümumilikdə 26 oyunda meydanda olub və bir qol vurub.