Danimarka millisinin baş həkimi Morten Bozen Finlandiya ilə AVRO-2020-nin oyunu vaxtı futbolçu Kristian Eriksenlə bağlı baş vermiş insidentin ilk dəqiqələri barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, Bozen Eriksen yerə yıxıldığı an meydana çağırıldıqlarını söyləyib. O, özünün həmin epizodu görmədiyini bildirib: "Dərhal aydın oldu ki, Kristian özü yıxılıb. Biz hadisə yerinə çatdığımız vaxt Eriksen yan üstə uzanaraq, nəfəs alırdı. Nəbzi yoxladıq, vəziyyət tezliklə dəyişdi və biz dərhal ürək masajına başladıq".
Bozen stadionun həkimi və digər təcili yardım əməkdaşlarının fantastik köməyini də vurğulayıb: "Bunun sayəsində biz sadəcə etməli olduğumuzu edə bildik. Kristianı özünə gətirdik. O, mənimlə xəstəxanaya aparıldıqdan əvvəlki kimi danışmağa başladı".
Qeyd edək ki, Finlandiya ilə görüşün ilk yarısının sonlarında Kristian Eriksen komanda yoldaşı aut atdığı vaxt huşunu itirib. Meydana dərhal həkimlər girərək, futbolçunu ağır vəziyyətdən çıxarmağa başlayıblar. 10 dəqiqədən sonra o, komanda yoldaşlarının müşayiəti ilə xəstəxanaya aparılıb. Görüş Finlandiya millisinin qələbəsi ilə yekunlaşıb - 1:0.