
"İtaliyaya qarşı pis oyunla, pis nəticə əldə etdik. Həyat davam edir. Təəssüflənmək əvəzinə daha çox işləməliyik. Uels yığmasına qarşı daha yaxşı oyun göstərməyi və nəticə əldə etməyi hədəfləyirik".
Soprtnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa Çempionatının A qrupunda Bakıda Uels seçməsinə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis bildirib ki, son iki görüşdəki nəticələr qrupdan çıxmaq üçün kifayət edə bilər: "Daha yaxşı nəticələr gözləyirik. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Problemlərdən danışmaq əvəzinə həll yollarını tapmalıyıq. Hələ qrupdan çıxmaq şansımız var".
Güneş Bakıya gəldikləri üçün xoşbəxt olduqlarını sözlərinə əlavə edib: "Buradakı azarkeşlərə təşəkkür edirik. Stadionda hər şey qaydasındadır".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.