"Mahir Emreli məşqlərdə gördüyümüz keyfiyyətini burada da sübut etdi. Onun yaxşı texnikası var, oyunu oxuyur və son vuruşları effektivdir. Fərqlənmək üçün daim münasib vəziyyət axtarır və əla zərbələrə malikdir".
Sportnet.azn məlumatına görə, bunu Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə yoxlama matçında het-trik edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışı barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun cərimə meydançasında yaxşı oynadığını bildirib: "Rəqibin cərimə meydançasına daxil olmağı sevir. Bu da onu göstərir ki, Mahirin yanında ikinci hücumçuya ehtiyac var. Topla yaxşı oynadığından 3-5-2 sisteminə də uyğun gəlir".
Qeyd edək ki, "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.