
"Yeni müqavilə imzaladığım üçün çox şadam. Ailəm və mən Azərbaycanda çox xoşbəxtik. Burada hər şey ürəyimizcədir. Buna görə də yeni müqavilə imzaladım".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"la sözləşməsini 2 il müddətinə uzadan futbolçu Filip Ozobiç klubun rəsmi saytına açıqlamasında deyib.
Xorvatiyalı yarımmüdafiəçi komandasının yenə çempionluq uğrunda mübarizə aparacağını bildirib: "Mənim də hədəfim çempionluq titulunu geri qaytarmaqdır. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, Konfrans Liqasında da mübarizəyə başlayacağıq. Artıq rəqibimiz də məlumdur. Bu turnirə ciddi yanaşırıq. Burada qrup mərhələsinə düşməyə çalışacağıq. Əsas hədəfimiz budur və istəyimizi reallaşdırmaq üçün sona qədər mübarizə aparacağıq".