"Keşlə"nin və "Kəpəz"in sabiq baş məşqçisi, veteran futbolçu Yunis Hüseynovun Sportnet.az-a müsahibəsi
- Hazırda heç bir komandada çalışmırsınız. Nə işlə məşğul olursunuz?
- Yaxınlarda bir iş olmalıdır.
- Klub, yoxsa federasiyada?
- Federasiyada.
- Azərbaycan klublarının avrokuboklardakı şanslarını necə dəyərləndirirsiniz?
- "Neftçi"nin mərhələ keçmək şansı 50/50-dir. HİK-in güc futboluna üstünlük verəcəyini düşünürdüm, ancaq əksi oldu. Topla yaxşı davrandılar, əsasən də ilk hissədə yaxşı mübarizə apardılar. İkinci hissədə isə "Neftçi" yaxşı təsir bağışladı. Fərdi bacarıqları olan futbolçular ön plana çıxdı. Kollektiv şəkildə komanda elə də yaxşı çıxış etmədi. Bu da çempionatın başlamaması, oyun praktikasının azlığından irəli gəlir. Futbolçular fərdi bacarıqları sayəsində qol vurdular. İnanıram ki, "Neftçi" səfərdə də futbolçularının fərdi bacarıqları sayəsində nəsə edə bilər.
- Nəzərə alaq ki, süni örtüklü meydançadır və oyun rəqibin öz evində olacaq.
- Bilirəm, lakin Avroliqa oyunları elədir ki, ev və ya səfər matçı fərqlənmir. Futbolçularda xüsusi motivasiya olur. Demirəm ki, yüz faiz "Neftçi" mərhələ keçəcək, ancaq şans var.
- "Neftçi" demək olar ki, transferlər etmədi. Yəni, komanda gözləntilərdən aşağıda qaldı. Bu haqda nələr deyə bilərsiniz?
- Avrokuboklarda oynayan komanda transferlər etməlidir. Belə götürəndə 4-5 oyunçu gəldi. Bu işi klubun rəhbərliyi və baş məşqçi bilər. Transfer etmək lazım idi, düzdür. Komanda qrup mərhələsinə düşmək istəyirsə, transfer lazımdı. Bilirsiz də, Azərbaycana o qədər də səviyyəli futbolçu gətirmək çətindi. Yaxşı legionerlər 8 komandalı çempionata üstünlük vermir.
- "Qarabağ"ın şanslarını necə qiymətləndirirsiniz?
- "Qarabağ"ın üstünlüyü odur ki, mütəmadi olaraq avrokuboklarda oynayır və təcrübəsi var. İnanıram ki, "Qarabağ" AEL-i Bakıda yaxşı hesabla keçəcək. İstərdim ki, dünənki matçda da qələbə qazansınlar, amma 1:1 hesablı nəticə pis deyil. AEL-i də aşağı qiymətləndirməmək lazımdır. Buna baxmayaraq, sizi əmin edirəm ki, "Qarabağ" AEL-i Bakıdakı oyunda ən azı 2 qol vuracaq.
- Dünənki oyundan sonra azarkeşlərlə "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov arasında gərginlik yarandı. Artıq neçənci dəfədir ki, Kiprdə belə hallar baş verir. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən "Neftçi" ilə APOEL səfərinə yollanmışdım. Orda da tribunada Ermənistan bayrağı açmışdılar. Bizim etirazlarımızdan sonra bayrağı yığışdırdılar. Kiprdə belə hallar həmişə olur. Özüm də oyuna baxanda əsəbləşmişdim. İnşallah, biz onlara öz sözümüzü meydanda deyəcəyik.