
"Bizim üçün Avropa zonasının seçmə mərhələsində oynamaq əla təcrübədir. Top-komandalarla qarşılaşdıq. Oyunlarımız asan olmadı. Əsas məqsəd mundiala yaxşı vəziyyətdə getməkdir. Sabahkı matçdan da yararlanmaq istəyirik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis hər oyuna rəsmi qarşılaşma kimi baxdıqlarını söyləyib: "Azərbaycana qarşı yaxşı oyun göstərmək və bu matçda nəticə qazanmaq istəyirik. Martda Macarıstandakı qarşılaşmaya da qələbə üçün çıxmışdıq, sabah da fərqli olmayacaq".
Sançes heyətdə bəzi dəyişikliklər edəcəyini söyləyib: "Bu gün son məşqimizə çıxacağıq. Hazırlıq prosesindən sonra heyəti quracağıq".
Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.