Qazaxıstanın "Kayrat" klubunun fiziki hazırlıq üzrə məşqçisi Vadim Borovski Rusiya "Spartak"ına keçib.
Sportnet.az-ın Almatı təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 35 yaşlı mütəxəssis Moskva komandasının məşqçilər heyətinə daxil edilib. Onun yeni vəzifəsi açıqlanmayıb.
Borovski oyunçu karyerasını bitirdikdən sonra "Kayrat"da 5 ilədək çalışıb. O, futbolçu qismində Karaqanda "Şaxtyor"u ilə iki dəfə Qazaxıstan çempionluğu, ölkə kuboku və Superkubok qazanıb. Keçmiş yarımmüdafiəçinin aktivində "Alma-Ata" və "Atırau"da əldə etdiyi ölkə kuboku da var.
Qeyd edək ki, "Kayrat" UEFA Konfrans Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasındakı hər iki görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəlib - 2:1. Hazırda Almatı komandası 1 xalla qrup sonuncusudur.