"Qarabağ"ın sabiq futbolçusu Muarrem Muarrem Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını istəyib.
Sportnet.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçu "Report"a geniş müsahibəsində məlumat verib.
Emreli formanı İtaliya "Napoli"sinin yarımmüdafiəçisi Elif Elmasın vasitəçiliyi ilə Muarremə çatdırdığını bildirib.
Forvard Ağdam təmsilçisinin sabiq oyunçusunun Elmasla qohum olduğunu söyləyib: "Muarrem formaya görə zəng etmişdi. Mən də dedim ki, Elif Elmasa desin, o da formasını mənə versin (gülür). Beləliklə, "Napoli"nin formasını əldə etdim və öz formamı Elmasa verdim. Bu, oktyabrın 21-də İtaliyada 3:0 hesabı ilə uduzduğumuz oyundan sonra baş verdi. Qırmızı rəngli səfər formamız idi. Evdə qara forma ilə oynamışdıq. Yəqin ki, Elmas formanı Muaremə təzəlikcə çatdırıb. Muarrem də buna görə mənə təşəkkür edib. O, bizim böyük qardaşımızdır".
Qeyd edək ki, Muarrem Muarrem 2012 - 2015 və 2016-cı ildə "Qarabağ"da çıxış edib. Mahir Emreli isə 2015 - 2021-ci illlərdə "köhlən atlar"ın formasını geyinib.