2021-ci ildə bir neçə futbolçu karyerasını başa vurub.
Sportnet.az ötən il karyerasını bitirmiş 10 məşhur oyunçunu təqdim edir.
1. Niderland millisinin sabiq üzvü Aryen Robben 2019-cı ildə karyerasını bitirdiyini açıqlasa da, 2020-ci ildə yetirməsi olduğu "Qroningen" klubuna qayıdıb. 38 yaşlı vinger bu komandada çıxış etdikdən sonra iyulun 15-də futbolla vidalaşıb. Robben Almaniya "Bavariya"sında 8 dəfə Bundesliqanın, həmçinin Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. O, "Çelsi" ilə iki dəfə İngiltərə Premyer Liqasını, "Real Madrid"lə isə İspaniya La Liqasını qazanıb.
2. Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Nuri Şahin oktyabrda karyerasını "Antalyaspor"da başa vurduğunu açıqlayıb. O, daha sonra bu klubun baş məşqçisi təyin edilib. Daha çox Almaniyanın "Borussiya" (Dortmund) komandasındakı çıxışı ilə yadda qalan Şahin İspaniya "Real Madrid"i ilə La Liqanın qalibi olub. O, 2010/2011 mövsümündə Bundesliqada mövsümün ən yaxşı futbolçusu da seçilib.
3. İngiltərə "Mançester Yunayted"inin əfsanəvi futbolçusu Ueyn Runi də Nuri Şahin kimi, karyerasını bitirdiyi klubun baş məşqçisidir. Yanvarda futbolla vidalaşan 37 yaşlı keçmiş forvard "Derbi Kaunti"nin sükanı arxasına keçib. Karyerasının böyük hissəsini "qırmızı şeytanlar"da keçirmiş oyunçu 5 dəfə İngiltərə Premyer Liqasının, UEFA Çempionlar Liqasının, Avropa Liqasının və klublarararası dünya çempionatının qalibidir. Runi "Mançester Yunayted"in (253 qol) və İngiltərə millisinin (53 qol) də hazırkı bombardiridir.
4. Fransa millisinin sabiq yarımmüdafiəçi Samir Nasri də ötən il butslarını mıxdan asıb. Ölkəsində "Marsel"lə İntertoto Kubokunu qazanan oyunçu daha çox İngiltərə "Arsenal"ında məşhurlaşıb. Son olaraq, Belçikanın "Anderlext" klubunda çıxış etmiş Nasri 2018-ci ildə dopinqdən istifadəyə görə 6 aylıq cəza alıb. Keçmiş forvard bu səbəbdən, motivasiyasını itirdiyini və futboldan vidalaşdığını bildirib.
5. Xorvatiyalı hücumçu Mario Mancukiç karyerası boyunca müxtəlif klublarda titullar qazanıb. 36 yaşlı keçmiş forvard Zaqreb "Dinamo"su ilə 3, Almaniya "Bavariya"sı ilə 2, İtaliya "Yuventus"u ilə 4 dəfə ölkə çempionu olub. O, Münhem təmsilçisi ilə Çempionlar Liqasını və UEFA Super Kubokunu da qazanıb. Son olaraq, İtaliya "Milan"ının formasını geyinmiş hücumçu 2018-ci ildə Xorvatiya millisi ilə Rusiyadakı dünya çempionatının finalına yüksəlib.
6. Ekvadorlu Antonio Valensiya "Mançester Yunayted"dəki oyunu ilə tanınıb. O, iki dəfə Premyer Liqanın və bir dəfə Avropa Liqasının qalibi olub. 36 yaşlı keçmiş müdafiəçi son olaraq, Meksikanın "Keretaro" klubunun formasını geyinib.
7. Almaniya millisinin sabiq üzvü Sami Xediranın da karyerası Mancukiç kimi kuboklarla zəngindir. O, Almaniyada "Ştutqart"la çempion olduqdan sonra "Real Madrid"ə keçib və Madrid təmsilçisində La Liqanı, Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya çempionluğunu qazanıb. Keçmiş yarımmüdafiəçi "Yuventus"la 5 dəfə A Seriyasında qızıl medala sahib çıxıb. 2014-cü ildə Almaniya yığması ilə dünya çempionatının da qalibi olmuş orta sahə oyunçusu son olaraq, "Herta"nın şərəfini qoruyub.
8. Niderland millisinin sabiq hücumçusu Klas Yan Huntelar təqaüdə çıxdığını rəsmən açıqlamasa da, oynamaq fikrində deyil. O, ölkəsində "Ayaks"la iki dəfə çempion olub. 39 yaşlı sabiq oyunçu Almaniyada "Şalke", İspaniyada "Real Madrid", İtaliyada "Milan"ın formasını geyinsə də, bunların heç birində ölkə çempionu olmayıb. O, 2010-cu ildə yığmanın heyətində dünya çempionatının finalına yüksəlibsə, 2014-cü ildə mundialın bürünc medalına yiyələnib.
9. Ukraynalı futbolçu Artyom Milevski ötən il karyerasını bitirib. O, Kiyev "Dinamo"su ilə 3, Belarusun "Dinamo" (Brest) klubu ilə isə 2 dəfə ölkə çempionu olub.
10. 2021-ci ildə karyerasını başa vuran digər ulduz futbolçu Serxio Aquerodur. Yayda "Barselona"ya keçən forvard ilin sonunda ürəindəki problemlər ucbatından futbolla vidalaşıb. Argentinalı oyunçu İngiltərə "Mançester Siti"sində 5 dəfə ölkə çempionu adını qazanıb. O, daha əvvəl İspaniyanın "Atletiko" (Madrid) komandasında Avropa Liqası və UEFA Super Kubokunun da qalibi olub. Aquero Argentina millisi ilə birlikdə karyerasında ilk dəfə Amerika Kubokunu qazanıb.
11. 2021-ci ildə Azərbaycanda kayerasını başa vurmuş ən tanınmış futbolçu isə Cavid Hüseynovdur. 33 yaşında ikən butslarını mıxdan asan sabiq yarımmüdafiəçi daha çox "Qəbələ"dəki çıxışları ilə tanınıb. Həbsədək və həbsdən sonra, eləcə də sonuncu dayanacaq kimi "qırmızı-qaralar"ı seçən Hüseynov özünə yeni klub tapa bilmədiyi üçün peşəkar futbolçu kimi çıxışlarını başa vurub. Hazırda o, doğma rayonu "Cəbrayıl"ın eyniadlı həvəskar klubun prezidenti və baş məşqçisidir. Bu komanda Region Liqasında mübarizə aparır. (Report)