Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı "Keşlə"dən "Neftçi"yə keçidi ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, klub televiziyasına açıqlama verən 28 yaşlı müdafiəçi özünü çox xoşbəxt hiss etdiyini bildirib. O, "Neftçi"yə transferindən böyük qürur hissi keçirdiyini vurğulayıb: "Bütün "Neftçi" azarkeşləri və "Neftçi" ailəsini salamlayıram. "Neftçi"yə gəldiyimə və burada çıxış edəcəyimə görə çox xoşbəxtəm. Bütün yerli futbolçulardan soruşsanız, hər kəs "Neftçi"də oynamağın bir arzu olduğunu söyləyəcək. O cümlədən, mən də böyük qürur hissi keçirirəm".
Salahlı sosial şəbəkələrdə ona dəstək olar "Neftçi" azarkeşlərinə də təşəkkürümü bildirib: "Fanatlarımızın sosial şəbəkələrdə yazdıqları müsbət rəylərin hər birini oxuyuram. Bunlar da mənə böyük motivasiya verir ki, tezliklə məşqlərə qoşulub və qələbələrlə onları sevindirim".
Yeni transfer 14 oyundan 22 xalla 3-cü pillədə gedən və lider "Qarabağ"dan 11 xal geridə olan "Neftçi"nin çempionluq şanslarından da danışıb: "Mövcud vəziyyətlə əlaqədar liderdən bir qədər arxadayıq. Buna baxmayaraq, mövsümün ikinci yarısında mən də əlimdən gələni edəcəyəm ki, komanda şəklində fərqi azaldaq və çempionluq mübarizəsini yenidən davam etdirək. Karyeramın ən uğurlu dönəmini burada keçirməyi çox ürəkdən istəyirəm. İnanıram ki, bu, məndə alınacaq".