"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Türkiyənin Antalya bölgəsində Polşanın "Qurnik" (Leçna) komandası ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni klubun mətbuat xidmətinə istinadən təqdim edir...
- Antalyadakı ikinci yoxlama matçınızı necə dəyərləndirərdiniz?
Sürətli və dinamik qarşılaşmanın şahidi olduq. Oyunun yüksək templə getməsi üçün maksimum çalışırdıq. Oyun keyfiyyətini yüksəltmək və yaxşılaşdırmaq üçün üçün bu, vacib şərtdir. Toplanış müddətində komandamızın qarşısına qoyduğumuz başlıca məqsədlərdən biri o idi ki, oyununumuzun sürətini daha da artıraq. Bu gün futbolçularımız özlərini çox yaxşı tərəfdən göstərdilər. Hətta bəzi futbolçularımızı 90 dəqiqə meydanda saxlamağı planlaşdırmadığım halda, onlar sürətli və dinamik idilər. Əhvalları da, fiziki durumları da yaxşı idi. Bu səbəbdən, onları əvəzləmədim. Ümumilikdə matç gözlədiyimdən də yaxşı alındı. Təlim-məşq toplanışında ikinci görüşümüzü keçirirdik. Ona görə də komandanın ideal səviyyədə olması mümkün deyildi. Buna baxmayaraq, maraqlı oyunun şahidi olduq. Futbolçularımız nələr üzərində işləmişdilərsə, nələri yaxşılaşdırmaq istəyirdiksə, onları meydanda həyata keçirmək üçün əllərindən gələni etdilər.
- Hazırlıq prosesi necə gedir?
- Ümumən pis deyil, hər şey plan üzrə gedir. Düzdür, toplanış 20 günlükdür, amma böyük vaxt da deyil. 2-3 aylıq müddəti əhatə etmir ki, hansısa elementlər üzərində günlərlə işləyəsən. Amma imkan dairəsində çalışırıq ki, burada olduğumuz vaxtdan səmərəli istifadə edək. Hava şəraiti də yaxşıdır. Bakıya qayıtdıqdan sonra taktiki məşqləri nə dərəcədə uğurla həyata keçirməyin mümkün olacağını bilmirik. Amma bunları imkan dairəsində yerinə yetirməyə çalışırıq. Son oyunumuz qalıb. Futbolçular bir qədər yorğundur. Həm yükləmə olmuşdu, həm də bu gün sonadək meydanda qalan futbolçularımız oldu. Qarşıda iki gün ərzində yükləmələri azaltmağı planlaşdırırıq ki, futbolçular dincəlsinlər. Daha sonra oyun öncəsi son məşqimiz və daha sonra yoxlama matçımız qalıb. Axırıncı görüşü də başa vurduqdan sonra toplanışı qiymətləndirmək imkanımız olacaq. Hazırlıq prosesi pis deyil, yaxşı gedir. Yeganə məyuedici məqam odur ki, seleksiyamız hələ istədiyimiz səviyyədə getmir. Komandamızı bəzi futbolçularla gücləndirmək istəyirdik. Lakin danışıqlar uğursuz alındı. Hələ də heyətimizə qata bildiyimiz futbolçu yoxdur. Gözləyirik. Ola bilsin, yaxın günlərdə hər hansı xəbər olsun.
- Onlar konkret, hansı mövqelər üçün nəzərdə tutulub?
- 3-4 futbolçu götürməyi planlaşdırıram. Keyfiyyət baxımından şikayətim yoxdur, komandamdan razıyam. Sadəcə, heyətimiz çox kasaddır. Gəncləri çıxsaq, bu gün Premyer Liqa təcrübəsinə malik 11-12 futbolçumuz var. Cəza və zədə sarıdan hər hansı itkimiz olduqda ciddi problemlərlə qarşılaşa bilərik. Məni ən çox narahat edən məsələ budur.
- Yeni futbolçuların gec qoşulmaları sizə mövsümün ikinci yarısında problem yaratmayacaq?
- Təki qoşulsunlar. O halda həmin futbolçulara komandaya uyğunlaşmaları və ya formalarını bərpa etmələri baxımından müəyyən vaxt ayrılacaq. Təbii ki, problemdir. Hər bir baş məşqçi istəyər ki, toplanışın əvvəlindən bütün heyət əlində olsun. Amma bu, baş vermədi. Heç olmasa, mövsümün ikinci yarısının başlanmasına qalan 10 gün ərzində istədiyimiz 2-3 oyunçunu transfer etsəydik, yaxşı olardı.
- Mövsümün ikinci yarısına nə qədər hazırsınız?
- Bunu qiymətləndirmək çox çətindir. Çünki rəqiblərimizin hamısının çox ciddi hazırlaşdıqlarını bilirik. Mövsümün ikinci hissəsinin daha gərgin və daha çətin keçdiyini nəzərə alsaq, hər şeyi rəsmi matçların göstərəcəyini deyə bilərəm.
- Bu gün meydana buraxdığınız 4 gənc futbolçudan, yeni transferlər olmayacağı təqdirdə, yararlanmaq niyyətindəsiniz, yoxsa...
- İstənilən halda, onlar bizimlədirlər. Özlərini yaxşı tərəfdən göstərdikdən və hazır olduqdan sonra onlara mütləq şans verəcəyəm. Özüm gənclərə şans verməyi xoşlayıram. Özlərindən çox şey asılıdır.